“Kəpəz”in idman direktoru Mehman Allahverdiyevin əməliyyat olunduğunu xəbər vermişdik.

Rekord.az xəbər verir ki, təcrübəli funksioner mədəsindəki problemlərə görə həkimlərin rəyi əsasında Gəncə Beynəlxalq Xəstəxanasında cərrahi müdaxiləyə ehtiyac duyub. Əməliyyat uğurlu keçib və özünü yaxşı hiss edən 62 yaşlı Allahverdiyev evə buraxılıb.

Dünən Mehman bəylə əlaqə saxlayıb sağlıq durumu ilə maraqlandıq:
 

“İndi yaxşıyam, yavaş-yavaş düzəlirəm. Mədəmdə problem var idi. Avqustun 19-da əməliyyat olundum. Hazırda pis deyiləm. Ümid edirəm ki, yaxın günlərdə daha da yaxşı olacam”.



Fürsətdən istifadə edib ondan “Kəpəz”in ilk üç turdakı çıxışına münasibət öyrəndik:
 

“İlk növbədə onu deyim ki, komanda sıfırdan formalaşdı, hazırlığa da gec başladı. Klubun maliyyə probleminin olması, sponsorun yoxluğu çətinlik yaradır. Hər şey sonda gəlib maliyyəyə dayanır. Hazırda “Qarabağ”, “Neftçi” və “Sabah”ın maliyyə durumu normal olduğuna görə yaxşı da çıxış edirlər. Bu yöndə ən çətin durumda “Kəpəz”, “Şamaxı” və “Turan Tovuz”du. Bu komandalarda da maliyyə yaxşı olmalıdı ki, normal oyunçular gətirə biləsən. Komandanın zəif çıxış etməsinin səbəbini sırf maliyyədə görmürəm. Amma öncədən müəyyən qədər vəsait olsaydı, daha keyfiyyətli komanda formalaşdırmaq mümkün idi. Eyni zamanda onu da diqqətə çatdırım ki, ilk üç turda rəqiblər ölkəmizi avrokuboklarda təmsil edən klublar oldu. Bu komandaların bir üstünlükləri də o idi ki, avrokubok oyunlarına görə hazırlığa tez başlayıblar. Yaxşı təlim-məşq toplanışı keçiblər, yoldaşlıq oyunları keçiriblər. Daha sonra avrokuboklarda da görüşləri baş tutdu. Bizim getdiyimiz yer isə ancaq “Dalğa Arena” oldu. Bu da maliyyə ilə bağlı idi. Ümid edirik ki, düzələcək, pis günün ömrü az olar”.



Mehman bəy qəzetimizə son açıqlamasında stadionla bağlı bəzi fikirlər səsləndirmişdi. O komandanın Gəncədə, lakin qəzalı sayılan tribunalarda azarkeşlərin əyləşməməsi şərtiylə oynamasını istəyirdi. Bununla bağlı isə Fövqaladə Hallar Nazirliyinə müraciət ediləcəkdi. Görəsən, bu məsələ nə yerdə qaldı? Allahverdiyevi dinləyək:
 

“Düzdü, biz azarkeşlərsiz də Gəncədə oynaya bilərik. Amma yenə deyirəm, gərək FHN-dən razılıq verilsin. Yuxarıdakı sektorları başa düşdüm, təhlükəli ola bilər, aşağı hissələrdə isə oturmaq mümkündü. Ora təxminən 7 min azarkeş tutumuna malikdi. Bu da gərək yuxarı səviyyədə həll olunsun, FHN-dən də razılıq verilsin. Bununla bağlı fikrimiz budu ki, öncə şəhər rəhbərliyinə müraciət edək, ondan sonra FHN-ə göstəriş verilə. Komandamız bu gün “Səbail”lə oyuna yollanır. Xəstəxanadan çıxandan sonra hələ stadiona gedə bilməmişəm. İnşallah, bir neçə gün keçsin, bir az özümə gəlim, ondan sonra bu məsələləri yoluna qoyacağıq”. ("Futbol plus")