"Məhəllə uşaqları"ndan Premyer Liqaya
- 12:00
- 54
"İmişli" bu yaxınlarda 18 yaşlı Nazim Hüseynovla müqavilə bağladı. İstedadlı futbolçudur, onun haqda ilk dəfə yazanda səhv etmirəmsə, 10-11 yaşı var idi, Sumqayıtda "Məhəllə uşaqları" komandasında forma geyinirdi. Orxan Abdullayev demişdi ki, yaxşı bir uşaq tapmışam, stadiona yolun düşəndə sən də gəlib baxarsan. Gedib oyunlarına baxmışdım, həqiqətən də digər uşaqlardan seçilirdi. O vaxt deyəsən "Qalatasaray Bakı" da onu bəyənib aparmaq istəyirdi, amma Orxan saxladı Sumqayıtda, ordan da "Sumqayıt" Futbol Akademiyasına vermişdi. Bu gün isə Premyer Liqa klubu ilə müqavilə bağlayır.
Sözümü nəyə gətirirəm? "Məhəllə uşaqları" Orxanın şəxsi təşəbbüsü ilə yaradılan komandadır. Orxan hansı əziyyətlər çəkib, hansı şəraitdə o uşaqlara məşq keçib, bunun da canlı şahidi olmuşam. Amma adam yorulmadan işləyirdi. Yazanda da təəssüf ki, bəziləri başqa məna axtarırdı, düşünürdülər ki, Orxan Kənan Məstəliyevin qardaşı olduğuna görə süni şəkildə ona dəstək oluruq. Halbulki "Məhələ uşaqları" ilə bağlı yazılan xəbərlərin bəlkə də 70 faizindən Kənan yazı saytda gedəndən sonra xəbər tuturdu. Sadəcə, görürdüm ki, bu adam ora qaçır, bura qaçır. əziyyət çəkir, iş görür. Onun 7-8 yaşında tapdığı bir uşaq bu gün Premyer Liqa klubuna keçirsə, demək ki, bu məşqçinin seleksiyası, bacarığı var. Bu gün "Məhəllə uşaqları" kimi komandalara, Orxan kimi məşqçilərə dəstək olmaq, onlara şərait yaratmaq lazımdı. Ölkənin hansı bölgəsində olursa, olsun. Normal futbol ölkələrində bu cür müqavilələr zamanı futbolçunu yetişdirən ilk məşqçiyə də müəyyən məbləğ ödənilir. Dəqiq bilirəm ki, "İmişli" Orxana heç nə ödəməyəcək. Orxan da "İmişli"dən qara qəpik istəyən deyil. Heç olmasa forma, top, inventarla dəstək olmaq lazımdı. Yenə deyirəm, söhbət tək Orxandan getmir. Bu cür əziyyətə qatlanan istənilən gənc məşqçilərə dəstək olmaq lazımdı.
O ki qaldı Nazimə, dediyim kimi, istedadlı futbolçudur, inanıram ki, Kaşkilya da ona şans verəcək və futbolçu da bu şansda maksimum istifadə edəcək. Edə bilsə, özü özünün milli komandaya da yolunu açmış olacaq.
Anar XANLAROV