Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun tikintisi iki aydan çoxdur başa çatsa da, hələ də açılış olmayıb.

 

"Rekord.az" xəbər verir ki, bu hal öz-özlüyündə müxtəlif söz-söhbətlərə yol açır.

 

Müəyyən məlumatlar var ki, tikinti zamanı layihədə nəzərdə tutulan əksər məsələlərə əməl olunmayıb. Məsələn, açıqlanan ilkin layihədə arenanın tutumunun 16 min nəfər olacağı deyilsə də, yekunda bu rəqəm 9500-ə qədər endirildi. Hardasa iki dəfəyə qədər ixtisar isə birmənalı qarşılana bilməz. İkinci bir məsələ layihəyə görə, əsas meydançadan əlavə, stadion ərazisində iki ehtiyat meydançanın tikiləcəyi deyilsə də, həmin meydançalardan da əsər-əlamət yoxdur. Eyni zamanda, ilkin layihədə otel, musiqili fəvvarə də yer almışdı ki, sonradan nədənsə onlar da ixtisara düşdü. Stadionun ön fasadının göy-ağlı mansar, yan və arxa hissənin isə adi beton-daşdan olması da diqqətdən yayına bilməz. Çünki normalda stadionların fasadı yarımçıq yox, tam örtülür. Hətta əldə etdiyimiz son məlumata görə, stadionun işıqlandırma sistemində də problem var. Belə ki, işıqlandırma zamanı işıq meydançanın bütün hissələrinə heç də eyni qaydada düşmür. Yəni lüks məsələsində standartlar tam olaraq düz gəlmir. Mehdi Hüseynzadənin qalmaqal yaradan büst məsələsi də xoş olmayan məqamlardadır. Yeri gəlmişkən, həmin büstlə bağlı da yenilik yoxdur və Sovet İttifaql Qəhrəmanın  şəkli silinmiş büstü hələ də üzü dənizə tərəf olaraq stadion ərazisində qalmaqdadır. Yenisi haqda isə danışan yoxdur. Sızan məlumatlara görə, bütün bu sadalanan problemlərdən "yuxarılar" da məlumatlıdır və durum onları qane etmir.

 

Sonda qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu şəxsən ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq yenidən qurulub. Prezident bunun üçün ilkin olaraq 5 milyon manat vəsaitin ayrılmasına da qərar vermişdi.