Audiovizual Şura “Matç TV”nin yayımının dayandırılmasının səbəbi ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Rusiyanın bəzi idman telekanallarının ("МАТЧ! ФУТБОЛ 1", "МАТЧ! ФУТБОЛ 2", "МАТЧ! ФУТБОЛ 3", "МАТЧ! ПРЕМЬЕРА", "МАТЧ! ИГРА", "МАТЧ! АРЕНА", "МАТЧ! СТРАНА", "МАТЧ!") Azərbaycanda yayım hüququ yoxdur. Bundan sonra kabel operatorları sözügedən kanalları azərbaycanlı tamaşaçılara təqdim etməyəcəklər.


Azərbaycanlı idmansevərlərə keçmiş olsun. Yox, mən qətiyyətn qanunları pozmağa həvəsli adam deyiləm. Necə deyərlər, qanunun tələbləri qarşısında boynumuz armud saplağından da incədir. Amma ki... Bəli, burda böyük bir “əmma” var. Əvvəla, necə oldu ki, “Matç TV”nin yayımlanması indi qanunsuz oldu? 2015-ci ildə yaradılan “Matç TV” elə həmin vaxtdan da Azərbaycanın kabel operatorları vasitəsiylə izləyicilərə təqdim olunub. Yəni ki, bu kanalları izləmək istəyənlər bunun üçün kabel operatorlarına pul ödəyiblər. Heç şübhə yoxdur ki, həmin puldan hansısa yollarla Audiovizual Şura da öz payını götürüb. Lap elə rəsmi formada, rüsum şəklində. Tamaşaçıya onun pulundan kimin nə qədər pay götürməsinin heç bir əhəmiyyəti yoxdu. Vacib olan evində rahat oturub, idman yarışlarına canlı və keyfiyyətli şəkildə baxa bilməyindir. İnsafən, “Matç TV” bu barədə izləyici kütləsinin tələblərini ödəyə bilirdi.


Tutaq ki, kabel televiziyalarının operatorları “Matç TV”ni izləyicilərə qanunsuz təqdim edirmişlər. Şura da illərdir buna göz yumub. Olmazdımı ki, indi bu qanunsuzluqla bağlı “Matç TV” rəhbərliyinə, yaxud da kabel televiziyalarına xəbərdarlıq ünvanlanardı və yayım qanuni şəklə salınardı? Görünən odur ki, Audiovizual Şura bunun marağında olmayıb. Təxmin etmək olar ki, bu qərarla “Matç TV”nin apardığı hansısa təbliğatın, yaxud da rus dilinin evlərimizə daxil olmasının qarşısı alınır. Yaxud da, buna cəhd edilir. Bunu alqışlayardım, əgər ki, rus dilinin təbliğatı təkcə elə idman telekanalları vasitəsiylə aparılsaydı. İkincisi də, faktiki ölkədə böyük bir rusdilli kütlə var ki, onların pulunu ödəyib, kabel televiziyası vasitəsiylə istədiyi idman kanalına baxmaq kimi bir hüququ var. Bunun qanunla tənzimlənməsi isə Audovizual Şura ilə kabel televiziyası operatorlarının işidir.


Daha bir vacib məqam bundan sonra boşluğun necə doldurulacağıdır. Onsuz da günümüzdə “İP TV” şəbəkəsi xeyli inkişaf edib, bir çoxları bu xidmətdən yararlanır. Sonuncu qadağa da prosesi sürətləndirəcək, kabel televiziyasından imtina edənlər “İP TV”lərə üz tutacaq ki, bu da “qara bazar”ın, “qeyri-leqal” yayımların artmasını sürətləndirəcək. Azərbaycanlı idmansevərlərin rus, ingilis, yaxud ərəb dilində telekanallara baxmasını istəməyənlər bunun doğma dildə alternativini təqdim etməlidirlər. Fakt odur ki, “İdman” TV ilə “CBC Sport” izləyicilərin təlabatlarını tam ödəyə bilmir. Söhbət təkcə tamaşaçılara təklif olunan yarış və çempionatların sayından, seçim imkanından getmir. Razılaşaq ki, şərhçiliklə problemlər hər zaman aktualdır, azarkeşlər bir çox hallarda yerli şərhçilərdən narazı qalıb, xarici telekanallara üz tuturdular. Bundan sonra seçim imkanı əlindən alınanların məcburən yerli kanallara baxacağı, deməli, sosial şəbəkələrdəki narazılıq dalğasının bir qədər də artacağı gözləniləndir.


Bir sözlə, Audiovizual Şura “Matç TV”nin yayımının dayandırılması ilə bağlı qərar qəbul edərkən bunun fəsadlarını da düşünməli, idmansevərlərin seçim imkanını əllərindən almamalı idi. Alıblarsa, buyursunlar, bunun alternativini də təklif etsinlər.