UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin dünən keçirilən “Marsel” – “Qarabağ” oyununda (3:1) təəccüb doğuran hadisə baş verib.

Rekord.az-ın xəbər verir ki, 90 dəqiqəlik matçın gedişatı zamanı azərbaycanlı azarkeşlərin yer aldığı tribuna və Azərbaycan bayrağı yayımı həyata keçirən fransız rejissorları tərəfindən bir dəfə də olsun ekranda göstərilməyib. Bunun əksinə olaraq, erməni azarkeşlərin Ermənistanın bayrağını açdığı tribunanı isə tez-tez görmək mümkün olub.

Qeyd edək ki, dinindən, milliyətindən asılı olmayaraq, bütün futbol, o cümlədən digər idman oyunlarında qonaq komandanın azarkeşlərinə hörmət əlaməti olaraq onların yer aldığı tribuna efirdə göstərilir. Amma “Marsel” – “Qarabağ” görüşü zamanı biz bunu görə bilmədik. 

Əlbəttə, azərbaycanlı və erməni azarkeşlərə münasibətdəki bu görünməmiş ayrıseçkiliyi texniki məsələlərlə əlaqələndirmək çətindir. Burada siyasi məsələlərin rol oynadığını söyləmək mümkündür. Fransa tərəfinin ermənilərin yanında olduğunu bu dəfə futbol oyunları zamanı da görə bildik. Təbii ki, burada məsuliyyət birbaşa olaraq oyunun yayımını həyata keçirən Fransa tərəfinin, konkret olaraq, “Canal+”in üzərində düşür.

“Qarabağ” və “CBC Sport”un mövqeyi

“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə qol.az saytına açıqlamasında məsələyə münasibət bildirib. O deyib: “Yayımın yazılmamış qaydalarına əsasən, yayım rejissoru əvvəlcədən hər iki klubun azarkeşlərinin yerini müəyyənləşdirir. Komandanın vurduğu qoldan sonra o klubun azarkeşlərinin qol sevincini göstərir. Yəni normalda belə olur. Düzü, klubumuzun üzvləri həmin vaxt stadionda olduğu üçün hələ yayımı tam izləyə bilməmişik. Ona görə də mənə indi hansısa fikir bildirmək çətindir. Oyunu Fransanın “Canal +” telekanalı həyata keçirib. Bu, onların məsuliyyətində olan məsələdir”. 

Oyunun yayımı Azərbaycanda həyata keçirən “CBC Sport” kanalının nümayəndəsi Şəmdəddin Abbasov isə eyni sayta açıqlamasında bildirib ki, yayımı Fransa tərəfi çəkərək Azərbaycan tərəfə ötürür: “Onlar nə ötürürsə, biz onu yayımlayırıq”. 

Ş.Abbasov bidirib ki, ola bilər, burada siyasi məsələlər rol oynayıb.