
Lionel Messidən karyerasında 2-ci penta-trik
- 06 İyn 2022 10:43
- 486
Futbol üzrə Argentina milli komandası yoxlama oyununda qüvvəsini sınayıb.
Rekord.az xəbər verir ki, bir neçə gün öncə “Finalissima”da İtaliya yığmasını 3:0 hesabıyla məğlub edən Cənubi Amerika çempionu, bu gün Estoniya ilə üz-üzə gəlib.
Qarşılaşma argentinalıların 5:0 hesablı qələbəsiylə yekunlaşıb. Qalib komandanın bütün qollarını (8, 45, 47, 71 və 76-cı dəqiqələrdə) Lionel Messi rəqib qapısından keçirib. O, karyerasında ikinci dəfə penta-trik müəllifi olub.
35 yaşlı hücumçu penta-trik sayəsində yığmadakı qol sayını 86-ya çatdırıb. O, bunun sayəsində milli komandaların ən yaxşı bombardirləri siyahısında da 4-cü yerə yüksəlib. Messi Macarıstan millisinin sabiq hücumçusu, 84 qolu olan Ferents Puşkaşı da geridə qoyub. İlk 3-lükdə Portuqaliya yığmasında qol sayını 117-yə çatdıran Kristiano Ronaldo, 109 qolla İran millisinin əslən azərbaycanlı hücumçusu Əli Daei və 89 qola malik Malayziyadan olan forvard Moxtar Dahari yer alıb.
Yoxlama oyunları
5 iyun
Peru – Yeni Zelandiya 1:0
Səudiyyə Ərəbistanı – Kolumbiya 0:1
Argentina – Estoniya 5:0