Lənkəran rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin VIII-X siniflərində təhsil alan şagirdlərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunması məqsədi ilə 10 aprel 2023-cü il tarixdə Lənkəran Olimpiya İdman Kompleksində “Şahin” hərbi-idman oyununun Lənkəran rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, öncə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Rəsmi açılışda çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə gənc “şahinlər”i salamlayaraq, gənclərə vətənpərlik hissi aşılayan “Şahin” hərbi-idman oyununun şagirdlər üçün həbi-fiziki hazırlıq baxımından öz bacarıqlarını nümayiş etdirmək üçün əlverişli bir tədbir olduğunu bildirmişdir.O, qeyd etmişdir ki, müasir dövrdə dövlətimiz tərəfindən gənclər üçün geniş imkanlar yaradılmışdır və indi şagirdlər artıq qalib xalqın nümayəndəsi kimi ordumuzla fəxr edə bilir. Çıxışının sonunda T. Babazadə iştirakçılara uğurlar və növbəti yarışlarda da yüksək nəticələr əldə etməyi arzulamışdır.

Daha sonra Lənkəran rayon Təhsil sektorunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin nümayəndəsi çıxış edərək hərbi-idman oyununun keçirilməsinin əhəmiyyətindən danışmış, komandalara uğurlar diləmişlər.

Çıxışlardan sonra hərbi-idman oyunu başlamışdır.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təsis etdiyi hakimlər heyyətinin idarə etdiyi tədbirdə 25 komandanın tərkibində 400 nəfər iştirak etmişdir. Keçirilmiş mərhələlərdə toplanmış balların ümumi nəticələrinə əsasən 1-ci yeri Viravul kənd 2 nömrəli tam orta məktəbin komandası, 2-ci yeri Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin komandası, 3-cü yeri Lənkəran şəhər 5 nömrəli tam orta məktəbin komandası əldə etmişdir.