Futbol üzrə Azərbaycan Kubokunun tarixində 35-ci dəfə penaltilər seriyası olub.


Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2025/2026 mövsümündə ilk dəfə penaltilər seriyası zərurəti yaranıb.


1/4 final mərhələsinin "Qəbələ" – "Sabah" cütünün taleyi bu yolla həll olunub.


Bakıda 0:0, Qəbələdə 3:3 hesablı heç-heçə edən rəqiblərin duelində yekunda paytaxt təmsilçisi qalib gəlib – 4:2. Bu, ölkə kuboku tarixində 35-ci penaltilər seriyası olub.


Sonuncu belə matç da "Sabah"ın iştirakı ilə baş tutub. Bakı klubu 2024/2025 mövsümünün 1/8 finalında "Turan Tovuz"dan üstün olub – 2:2, 3:1.


"Sabah" turnirin tarixində ikinci dəfə penaltilər seriyasında qalib gəlib.


"Qəbələ" 5-ci dəfə kubok matçında belə hadisə ilə üzləşib. İki qələbəsi olan komanda 3-cü dəfə məğlub olub. "Qırmızı-qaralar" 2007/2008 mövsümündə 1/4 finalda "Bakı"ya (1:1, 1:1; p. - 4:3), 2016/2017 mövsümündə 1/8 finalda "Zaqatala"ya (2:2, p. - 4:1) qalib gəlib. 2013/2014 mövsümündə finalda (1:1, p. - 2:3), 2015/2016 mövsümündə yarımfinalda (1:1, 1:1; p. - 3:4) "Neftçi"yə qarşı duellər uğursuz olub.