“Konfrans Liqasındakı rəqibimiz təcrübəlidir” - Rəşad Sadıqov
- 17:45
- 31
"Zirə"nin avrokuboklardakı rəqibi təcrübəlidir.
Rekord.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında deyib.
Mütəxəssis Sumqayıtda Gürcüstanın "Torpedo" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
"Bizi önəmli oyun gözləyir. Hazırlığı tamamlamışıq. Sabah baş tutacaq matçda əlverişli nəticə əldə etmək niyyətindəyik. Rəqibimiz təcrübəlidir. Sabit olaraq avrokuboklarda çıxış edirlər. Hazırlaşmaq üçün vaxtımız az oldu. Bizim komanda da təcrübəlidir. Qarşımızda çox yaxşı komanda olacaq".
R.Sadıqovun sözlərinə görə, zədələr futbolun ayrılmaz hissəsidir:
"Sadəcə, bizdə tez-tez olur. Buna uyğunlaşmaq çətindir. Hansısa həmlə etmək üçün vaxt azalır. Aydın Bayramov kimi təcrübəli qapıçımız da var. Maykonun zədələnməsi bizi narahat etməyə bilməz. Amma inanıram ki, Aydın onun yoxluğunu hiss etdirməyəcək".
O, rəqib barədə müəyyən məlumatlarının olduğunu söyləyib:
"Bəzi matçlarına baxmışıq, təhlil etmişik. Avrokuboklara xüsusi hazırlıq olur. Futbolçular da bunu hiss edir".
Baş məşqçi bir neçə futbolçu ilə yolları ayırdıqlarını söyləyib:
"Avrokuboklara hazırlaşmaq üçün çox vaxtımız olmadı. Tələsərək seleksiya etmək istəmədik. 5-6 transfer hələlik açıqdır. Bizi ağır mövsüm gözləyir. Rəqiblər güclü olacaq. Bütün məqamları futbolçularla danışmışıq. Rəqibimizdə çempionat davam edir".
R.Sadıqov bəzi futbolçuların toplanışa artıq çəki ilə gəldiklərini sözlərinə əlavə edib:
"Avrokuboklarda iştirak planda yox idi. Bəlkə daha əvvəl vəsiqə qazansaydıq, belə olmazdı və daha intizamlı gələrdilər".
Xatırladaq ki, "Zirə" - "Torpedo" oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Cavab qarşılaşması iyulun 16-da baş tutacaq.