“Komandamın daha yaxşı oyunla qələbə qazanmasını istəyirəm”
- 2019-11-30 19:30
- 764
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində qarşılaşdıqları “Sumqayıt”la oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Ötən turda məğlub olduqdan sonra çalışırdıq ki, daha çox psixoloji hazırlığa üstünlük verək. Bu gün də bunun bəhrəsini gördük. Qələbə bizim üçün vacib idi. Qış fasiləsinə 3-cü yerdə getmək istəyirdik. Komandanın mübarizəsi xoşuma gəldi. Komandada yorğunluq var, rotasiya imkanımız da yoxdu. Tərlan Quliyev uzun müddət yox idi. Bu gün onun da oyunu xoşuma gəldi. Bu oyunda əsl mübarizəli "Keşlə" gördüm. Qələbə qələbədi. Futbolçulara təşəkkür edirəm. Komandamın daha yaxşı futbol oynayıb, qələbə qazanmasını istəyirəm. Qış fasiləsində yeni futbolçular mütləq olacaq. Hər mövqeyə 2 oyunçu istəyirəm ki, istədiyimi edə bilim.
- Mərkəz müdafiəçisi zədələndi və Rəşad Sadiqov meydana daxil oldu. Niyə Azər Salahlını yox, Rəşadı meydana buraxdınız?
- Azər mərkəz müdafiəçisi oynayan zaman komanda "Baltsan"dan 4 qol buraxıb. Azər sol cinah üçündü. Mərkəzdə mənə daha təcrübəli oyunçu lazımdı. Rəşad daha əvvəl də bu mövqedə oynayıb. Bu, mənim qərarım idi. Bir şey problem idi ki, Ruslan Qurbanova nəsə olsa, mən kimi oynadacam. Hər şeyi təhlil edirəm. Rəşadın meydanda olması özü elə komanda üçün böyük üstünlükdü. (komanda..az)