"Liverpul"un baş məşqçisi Yurgen Klopp Lionel Messinin "Barselona"dan ayrılıb, PSJ-yə keçməsi barədə danışıb.

Rekord.az xəbər verir ki, 54 yaşlı mütəxəssis "Bild"ə açıqlamasında deyib:

"PSJ-nin də loqosunda qırmızı və mavi rənglər var. Buna görə "Barselona" ilə arasındakı fərq o qədər də böyük deyil. Ancaq ümumiyyətlə, bunları təsəvvür etmək çətindir. "Barselona" indi keçmişin maliyyə çətinlikləri ilə mübarizə aparır. Nadir hallarda olur ki, bir yerə gedirsən, nə isə istifadə edirsən, amma sonra bunun qarşılığında pul vermirsən".

Klopp PSJ-nin heyətində tanınmış və təcrübəli futbolçuların çox olmasına baxmayaraq, komandanın yaxşı nəticələr əldə etmədiyini söyləyib:

"PSJ "Brest" ilə matçda 4: 2 hesabı ilə qalib gəldi. Komandanın heyətinə nəzər salanda, onlardan 8:0 hesablı qələbə gözləmək olardı. Lakin hesab 4:2 idi. Bu, futbolda gözəl bir şeydir - kimin qalib gələcəyini heç kim bilmir. Bəzi insanların şansı daha yüksək, bəzilərinin isə daha aşağıdır. Amma hər kəsin bir şansı var. Düşünürəm ki, futbolun ən gözəl tərəfi budur".