"Qarabağ"ın futbolçusu Kevin Medina "Qəbələ" ilə səfər matçından (2:1) sonra Rekord.az-ın əməkdaşının da yer aldığı və Qəbələyə ezam olunan jurnalistlərə müsahibə verib:

 

 

- Qırmızı vərəqədən sonra sakitləşə bilmisən?
- Mən həmişə sakitəm.

- Amma meydanda belə görünmür. Artıq neçənci dəfədi ki, qırmızı vərəqə alırsan...
- Üç qırmızı vərəqə olmalıdı. Mənə elə gəlir ki, 4-ü keçməmişəm. Həm də mərkəz müdafiəçisi kimi bəlkə ən azı sarı vərəqə məndədi. 

- Müsahibələrinin birində demişdin ki, qaydasız döyüşlə maraqlanırsan. Hiss olunur ki, futbolçu ilə yanaşı, həm də döyüşçüsən...
- (gülür) Bunlar tamam fərqli idman növləridi. Mənə elə gəlir ki, videotəkrara baxsanız, orda niyə elə reaksiya verdiyimi görəcəksiniz. Çoxları hərəkətimə, mənim rəqibi vurmağıma fokuslanıb, amma əslində, birinci hücuma məruz qalan tərəf elə özüm olmuşam. Ona görə elə reaksiya göstərmək məcburiyyətində qaldım. Hakim qərar vermək üçün bütün epizodu görməlidi. Amma futbol budu da...Eybi yoxdu, səhvlərdən öyrənirik. Bir tərəfdən də hər şeyi axarına buraxırıq. 

- Baş məşqçiniz Qurban Qurbanov paltardəyişmə otağında səni çox danladı?
- Yox. Aramızda olan dialoq məşqçi - futbolçu dialoqu idi. 

- Matçın özü necə keçdi?
- Oyuna ilk dəqiqədən necə ciddi yanaşdığımızı gördünüz. Təxribata uyduğum epizodu nəzərə almasaq, mənə elə gəlir ki, komandamız yaxşı mübarizə apardı.

- Qarşılaşmadan sonra “Qəbələ”nin insidentdə iştirak edən futbolçuları ilə barışıq söhbətiniz oldumu?
- Əslində, meydanda olanlar elə meydanda da qalır. Peşəkarlar belə yanaşır. Hamımız insanıq da, olur belə qarşıdurmalar. Kənarda danışdıq, bir-birimizi anladıq, bir-birimizdən də üzr istədik.

- Qurban Qurbanov kimi təmkinli mütəxəssisin qırmızı vərəqə alması sənin üçün də təəccüblü oldu?
- Bu, bir oyundu, mübarizədi. Hamı qalib gəlmək istəyir. Qurbanovu hamımız belə epizodlara təmkinli yanaşan bir insan kimi tanıyırıq. Bu haqda nə deyəcəyimi həqiqətən bilmirəm.

- Klubun maddi cəriməsinə hazırsan?
- Həmişə hər şeyə hazıram.

- Avropa Liqasındakı növbəti matçınız “Hekken”ə qarşıdı. İsveçdəki bu görüşdən nə gözləyirsən?
- Hələlik qarşıda Premyer Liqada “Sumqayıt”la matçımız var. Ona hazırlaşacağıq. Artıq bundan sonra növbəti görüşə baxarıq, o haqda fikirləşərik.