Mövsüm sona yaxınlaşdıqca "Kəpəz"də yenə sular bulanmağa başlayıb. Tərlan Əhmədova müxalif olan qüvvələr yenidən fəallaşaraq, onun getməsinə nail olmaq istəyir. Özü də hiss olunur ki, bunun baş verməsi üçün bütün aqresiyadan istifadə olunacaq.

Rekord.az-a daxil olan son məlumata görə, dünən Gəncə stadionunda əsl həngamə yaşanıb.

Belə ki, öncədən klubun idarə heyətinin sədri İlqar Nadiri  ilə görüş təyin edən bir qrup azarkeş stadiona təşrif buyurub. Həmin azarkeşlərin əsas məqsədi Tərlan Əhmədovu müdafiə etmək olub. Bildiriblər ki, Əhmədov güclü məşqçidir, "Kəpəz"ə böyük faydası dəyib və qalıb yenidən işinə davam etməlidir. Tərəflər Nadirinin iş otağında görüşüb yenicə söhbətləşirmişlər ki, Tərlana müxalif hesab edilən qrup böyük hay-küylə otağa daxil olub. Hətta deyilənə görə, qapını təpiklə də açıblar. Həmin şəxslərin demək olar ki, hamısı gəncəli futbol veteranları olub. Konkret olaraq söhbət əvəzedici komandanın baş məşqçisi Xaliq Mərdanov, onun köməkçisi Orxan Verdiyev, klubun idman direktoru Mehman Allahverdiyevin qardaşı, daha bir gəncəli futbol veteranı Füzuli Allahverdiyev və klubun futbol akademiyasında çalışan daha bir neçə şəxs. Adları çəkilənlər Tərlan Əhmədovu dəstəkləyən azarkeşlərə qarşı çox sərt, aqressiv və qeyri-etik təpki göstərərək, Tərlanın "Kəpəz"dən getməli olduğunu, gedəcəyini və komandada yalnlz gəncəli məşqçinin işləyəcəyini deyiblər. Tərəflər arasında mübahisə az qala əlbəyaxa davaya qədər gedib çıxacaqmış. Çox maraqlıdır ki, həmin vaxt Mehman Allahverdiyev özü də otaqda olub. İlqar Nadiri çətinliklə tərəfləri sakitləşdirə bilib. Lakin bizə ötürülən məlumata görə, Xaliq Mərdanovla Füzuli Allahverdiyev Tərlan Əhmədovdan əl çəkməyəcəklərini, deyərək baş məşqçini açıq şəkildə hədələyiblər də.