“Kəpəz”: narahatlıq və gözlənti
- 18:57
- 117
Mövsüm başa çatıb, transfer dönəmi başlayıb. Premyer Liqa klublarının əksəriyyəti artıq yeni mövsümün planlarını qurur, baş məşqçi və transfer məsələlərini həll edir. Amma Gəncə futbolunun flaqmanı olan “Kəpəz”də hələ də qeyri-müəyyənlik hökm sürür.
Klubda rəhbərlik dəyişikliyi olaca və sədr postuna Anar Abdullayevin gətiriləcəyi bildirilir. Lakin iyun ayının ikinci yarısı olmasına baxmayaraq, bu təyinat hələ də rəsmiləşməyib.
Bundan da vacibi, komandanın baş məşqçisinin kim olacağı bəlli deyil. Halbuki yeni mövsümün təməli iyunun ilk yarısından başlayaraq qoyulur. Vaxt itdikcə keyfiyyətli futbolçuların digər klublarla anlaşması ehtimalı artır. Bu isə heyətin formalaşdırılması prosesini çətinləşdirə bilər.
Hazırda “Kəpəz” üçün ən uyğun məşqçi Mahmud Qurbanovdur. Gəncə futbolunun yetirməsi olan “Professor” həm doğma şəhərində sevilir, həm də onun artıq “Kəpəz” təcrübəsi var.
Gəncə azarkeşləri və şəhər ictimaiyyəti klubun gələcəyi ilə bağlı aydınlığın yaranmasını səbirsizliklə gözləyir.
Mirzə Süleymanov, Rekord.az