Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının yarımfinalında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas"ın 1/2 finaldakı rəqibi "Fatum" klubudur. 

Cütün ilk matçında quru hesabla qələbə qazanan blokçumuzun komandası cavab görüşünə də yaxşı başlayıb və birinci setdən qalib ayrılıb. Lakin növbəti hissədə rəqib daha ciddi müqavimət göstərib və qalib gəlib. Sonrakı setlərdə isə Ayşən və rəfiqələri üstün olublar - 3:1 (25:18, 24:26, 25:14, 25:21).

Komandasının növbəti qələbəsini qazandığı qarşılaşmada millimizin və "Vasas"ın kapitanı 10 dəfə fərqlənib. Abduləzimova bu xallardan 6-nı hücumda, 4-nü isə blokda qazanıb.

Beləliklə, "Vasas" ikinci qələbəsini də qazanaraq finala bir qədər də yaxınlaşıb. Aprelin 16-da keçiriləcək növbəti oyunda da qalib gələcəyi təqdirdə komanda finala yüksələcək.