Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının pley-off mərhələsində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" 1/4 finalda "MTK Budapest" klubuna qarşı keçirdiyi ikinci görüşdə də qalib gəlib.

İlk matçda quru hesabla qələbə qazanan "Vasas" bu dəfə də rəqibə heç bir şans verməyib 3 set davam edən qarşılaşmada Ayşən və rəfiqələri quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:16, 25:17, 25:22). 

Komandasının növbəti qələbəsini qazandığı görüşdə millimizin və "Vasas"ın kapitanı 4 dəfə fərqlənib. Abduləzimova bu xallardan 3-nü hücumda, 1-ni isə eyslə qazanıb.

Qeyd edək ki, cütün növbəti oyunu martın 30-da baş tutacaq. Bu oyunda "Vasas" qalib gələcəyi təqdirdə yarımfinala vəsiqəni təmin edəcək. Reqlamentə görə, mərhələ adlamaq üçün tərəflər 3 qələbə qazanmalıdır.