Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının qalibi olub. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" finalda "Bekescsaba" klubu ilə üz-üzə gəlib.

Cütün ilk iki oyununda 3:1 və 3:0 hesabları ilə qələbə qazanan voleybolçumuzun komandası çempionluq yolunda mühüm üstünlük əldə etmişdi. "Vasas" növbəti görüşə də yaxşı başlayıb. İlk setdən tam təşəbbüsə yiyələnən komanda üstünlüyünü sonadək qoruyub. Rəqibə heç bir şans verməyən Ayşən və rəfiqələri meydandan quru hesablı (3:0, 25:11, 25:17, 25:13) qələbə ilə ayrılıblar. Çempionluq üçün lazım olan üç qələbəni qazanan komanda Macarıstan birinciliyinin qızıl medalına sahib çıxıb.

Komandasının növbəti çempionluğunu qazandığı matçda millimizin və "Vasas"ın   kapitanı 18 dəfə fərqlənməklə qələbədə mühüm pay sahibi olub. Abduləzimova bu xallardan 10-nu hücumda, 8-ni isə blokda qazanıb. Ayşənin blokdakı göstəricisi qarşılaşmanın ən yaxşı nəticəsi olub.
Beləliklə, voleybolçumuzun da  möhtəşəm oyunuyla "Vasas" ötən ilki nəticəsini təkrarlayaraq 8-ci dəfə Macarıstan çempionu olub.

Qeyd edək ki, "Vasas" ötən il olduğu kimi bu mövsümdə də Macarıstan kubokunu qazanıb.