Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının yarımfinalına yüksəlib. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" 1/4 finalda "MTK Budapest" ilə üz-üzə gəlib. 

Cütün ilk iki görüşündə quru hesabla qalib gələn voleybolçumuzun komandası bu dəfə də heç bir çətinlik çəkməyib. 3 set davam edən matçda eyni uğuru təkrarlayıb - 3:0 (25:20, 25:18, 25:21).

Komandasının növbəti mərhələyə vəsiqəni rəsmiləşdirdiyi qarşılaşmada yığmamızın və "Vasas"ın kapitanı rəqibi 8 dəfə məyus edib. Abduləzimova bu xallardan 5-ni hücumda, 2-ni blokda, 1-ni isə eyslə qazanıb.

Qeyd edək ki, 1/4 finalda 3 qələbə qazanan tərəf yarımfinala adlayır.