“Məncə, “Qarabağ”a 0:6 hesablı məğlubiyyətə faciədən başqa ad qoymaq, don geyindirmək mümkün deyil. Bu nəticəni heç birimiz gözləmirdik".

Rekord.az xəbər verir ki, bu sözləri "Neftçi"nin prezidenti Kamran Quliyev klub televiziyasında yayımlanan "Həmsöhbət" verilişində qonaq olarkən deyib.

Klubun sabiq baş məşqçisi Füzuli Məmmədov və idman direktoru Ceyhun Sultanovun istefası barədə danışan funksioner hər iki şəxsin komandanın tarixində iz qoyduğunu bildirib: "Bu insanlarla klubda yaxşı işlər görmüşdük. Hər ikisinə təşəkkürümü bildirirəm. Onları saxlamaq üçün cəhdlərim oldu. Amma fikirlərində qəti idilər. Bu cür vidalaşmağı istəməzdik. Amma belə oldu. "Neftçi"nin daşı çox ağırdır".

İşlədiyi klublarda hər zaman idman direktoru və baş məşqçinin arxasında dayandığını söyləyən Quliyev tez-tez dəyişiklik tərəfdarı olmadığını vurğulayıb: "Hər insana vaxt vermək lazımdır. Aramızdakı söhbətləri burada açıqlamaq istəmirəm. Amma şəxsi problemlər heç vaxt olmayıb. Onlar klubda sabitliyi təmin edən şəxslərdən idilər. Sultanov burada çox iş görüb. Əlaqələrimiz davam edir, lazım olanda məsləhət alacağıq. Hər ikisi yaxşı mütəxəssisdir. Onları gələcəkdə uğurlar gözləyir, "Neftçi"də iz qoyan insanlardır".

Yeni baş məşqçi Samir Abasovun təyinatına da toxunan klub prezidenti seçimlərini bu cür izah edib: "Neftçi" kimi kluba baş məşqçi təyinatı bir anın işi deyil. Elə vaxtdayıq ki, bu yer boş qalsaydı, qeyri-sabitlik davam edə bilərdi. Müşahidə Şurasının növbədənkənar iclasında bir çox namizədin adı təklif olunmuşdu. Sonda Samir Abasovun baş məşqçi olması məsləhət bilindi. Onunla "Sumqayıt"da da bir yerdə işləmişik. 2015-ci ildən əsas komandanın baş məşqçisi təyin olundu. İnanmaq istəyirik ki, Azərbaycanın ən böyük klubu ilə Samir Abasovun futbola baxışı, oyun planları üst-üstə düşəcək. Onun oyun dəsti-xəttini nəzərə alaraq, Abasovun təyinatı təsdiqləndi".