Futbol üzrə İspaniya 2-ci liqasında 21-ci turdan təxirə salınmış oyunlar keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Alkorkon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da 30-cu dəqiqədə İsrafilov vurub.

“Albasete” 22 oyuna topladığı 21 xalla 22 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.