Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan qadın voleybolçulardan ibarət millimizlə görüşüb. "Rekord.az" xəbər verir ki, GİN-in Voleybol Mərkəzində təşkil olunan görüşdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident və yığmamızın baş məşqçisi Faiq Qarayev, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri, federasiyanın əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Ş.Bağırov ilk olaraq voleybolçularımızı və məşqçilər heyətini təbrik edib. Bildirib ki, Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda keçirilmiş VI İslam Həmrəyliyi Oyunlarının favoritlərindən biri olan millimiz finala qədər irəlilədi. 57 ölkənin mübarizə apardığı yarışda ümumi medal sıralamasında 10-cu yeri tutan Azərbaycan komandasının İslam Oyunlarında 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc olmaqla, ümumilikdə 59 medal qazandığını vurğulayan Ş.Bağırov  bu mükafatlardan birinin də voleybolçularımız tərəfindən qazanılmasını yüksək qiymətləndirib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yarışda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Sərəncam imzalamasını idmana göstərilən diqqət və qayğının göstəricisi olduğunu söyləyib.

2025-ci ildə Azərbaycan voleybolunun bir sıra uğurlar qazandığını diqqətə çatdıran federasiya prezidenti vurğulayıb ki, Gəncədə keçirilən III MDB Oyunlarında qızlardan ibarət U-16 yığmamız bürünc medal qazanıb. Gələn il ölkə voleybolu üçün əlamətdar il olacağını deyən Ş.Bağırov bildirib ki, voleybolçularımız Avropa Liqası ilə yanaşı, qitənin ən nüfuzlu yarışında da mübarizə aparacaqlar. Ölkəmizin də ev sahibi olduğu 2026-cı il Avropa çempionatında təcrübəli mütəxəssis Faiq Qarayevin rəhbərliyi ilə millimizin qrupdan çıxaraq növbəti mərhələlərə yüksələcəyinə əminliyini ifadə edib. O, bir daha voleybolçularımızı və məşqçilər heyətini təbrik edib, qarşıdakı yarışlarda onlara uğurlar arzulayıb.

Baş məşqçi Faiq Qarayev çıxış edərək bildirib ki, komandamızın bir neçə aparıcı oyunçusu müəyyən səbəblərdən yarışa qatıla bilmədilər, bu da xüsusilə finalda özünü göstərdi. 2017-ci ildə qızıl, 2022-ci ildə bürünc medal əldə edən yığmamız bu dəfə gümüş medal qazanmaqla favoritlərdən olduğunu bir daha göstərdi. O, 2026-cı ildə komandamızı ciddi sınaq gözlədiyini, iyunda Avropa Liqası, avqust-sentyabr aylarında isə Avropa çempionatı keçiriləcəyini bildirib. Sevindirici haldır ki, Avropa çempionatının bir qrupuna Azərbaycan ev sahibliyi edəcək. Vurğulayıb ki, Bakıda Gimnastika Arenasında keçiriləcək qitə birinciliyində məqsəd qrupdan çıxıb pley-offa vəsiqə qazanmaqdır. F.Qarayev ölkə çempionatı başa çatandan sonra millinin hazırlıqlarının başlayacağını nəzərə çatdırıb. Hazırda xarici çempionatlarda çıxış edən digər aparıcı oyunçularımızın da gəlməsi ilə millinin daha da güclənəcəyini deyən mütəxəssis komandamızın Avropa birinciliyində uğurlu nəticə qazanması üçün əlindən gələni edəcəyini bildirib.

AVF-nin vitse-prezidenti Bəhruz Quliyev də voleybolçuları və məşqçilər heyətini təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb. 

Görüşdə millimizin oyunçuları və məşqçilər heyəti çıxış edərək onlara göstərilən dəstəyə görə AVF rəhbərliyinə təşəkkürlərini bildiriblər.