Premyer Liqada 15-ci tur geridə qaldı. Öyrəndik ki...


- Vernidubun işi çətin olacaq. İlk oyundaca işini ortaya qoyan ukraynalı mütəxəssis planını tam həyata keçirmək imkanı əldə etməlidir. "Sumqayıt"la matçın 60 dəqiqəsində gördüyümüz "Neftçi" bunu 90 dəqiqəyə yaya bilsə, liqada rəqibi qalmaz. Təbii ki, həm də ələ düşən imkanlardan istifadə etmək şərtilə. Fiziki hazırlıq zamanla düzələn bir şeydir. Oyunçular keyfiyyətsizdirsə, bu qədər epizodu boşa verirsə, bunu birdəfəlik düzəltmək mümkün deyil. Vernidub "Neftçi"yə uyğun məşqçidir, bu klubun tarixini, kimliyini, böyüklüyünü anlayır. Bu böyüklüyü meydanda geri qaytara biləcəkmi? Yaşayarıq, görərik.


- Saşa İliçin "Sumqayıt"ı isə sakitcə 3-cü pilləyə yüksəlib. Və biz artıq bunu norma kimi qəbul edirik. Əlavə şərhə ehtiyac yoxdur.


- "Qarabağ" heç nə olmayıbmış kimi "Araz"ı liderlik yarışından ayırdı. Mərdəkan təmsilçisində baş məşqçinin adı ətrafında gəzən söz-söhbətlər onsuz da yaxşı olmayan gedişata daha da mənfi təsir edir. "Köhlən atlar" isə ilin əsas matçı öncəsində həm forma yığdılar, həm də yaxşı motivasiya qazandılar. 


- Həmin matç isə "Sabah"la olacaq. O "Sabah"la ki, əsas rəqiblərindən sayılan "Turan"ı bütün komponentlərdə, şəkk-şübhəsiz yendi. Dambrauskas öz komandası ilə çempionluq iddiasındadır. Və bu iddia boş, göydəndüşmə deyil. Ortada ciddi əmək var. Bu əməyin nəticəsi də yavaş-yavaş turnir cədvəlində əksini tapır. 


- "Turan" haqda da deyiləsi xüsusi bir şey yoxdur. Berdıyevə qışa qədər şans verilib sonra qərara gəlinməsinin lazım olduğunu demişdim. Bir matç qalıb. Prinsip etibarı ilə hələ heç nə itirilməyib. Amma bir şey dəqiqdir ki, nümayiş etdirilən futbol heç kimi qane etmir. Nə tovuzlu azarkeşləri, nə futbolçuları, nə rəhbərliyi, nə də bizi. Bu oyun qarasız aş kimidir. Doyursan, amma ləzzəti yoxdur. 


- Ayxan Abbasov yenə klass göstərir. Millinin başına təsadüfən gətirilmədiyini hər həftə sübut edən mütəxəssis bu dəfə iddialı "Zirə"ni məğlub etdi. Qonaqların heyət problemləri var, xüsusilə hücum xəttində aşkar görsənir. Amma "Şamaxı" da superulduzlardan düzəldilməyib. 


- "Kəpəz" deyəsən düzəlmək istəyir.