İlk dəfə iki ölkədə keçirilən Avropa çempionatı AÇ-2024-ə doğru
- 05 İyn 2024 11:00
- 991
Futbol üzrə 11-ci Avropa çempionatı 2000-ci ildə tarixdə ilk dəfə iki ölkədə keçirildi. Belə ki, 10 iyun-2 iyul tarixində baş tutan turnir Belçika və Niderlandın ev sahibliyi ilə baş tutdu. 16 komanda 4 qrupa bölünərək toplam səkkiz şəhərdə mübarizə apardı. Onu da qeyd edək ki, bu final mərhələ 16 komandanın iştirakı ilə baş tutan ikinci turnir idi. Bu dəfə seçmə mərhələdə iştirak edən komanda və seçmə qrup sayında da artım var idi. Belə ki, 1996-cı il Avropa çempionatının seçmə oyunlarında 47 komanda mübarizə aparmışdısa, bu dəfə 49 komanda qoşulmuşdu. Onlar 8 yox, 9 qrupa bölünmüşdülər. Qrup qalibləri və 2-ci pilləni tutan komandalar arasında ən yüksək göstəriciyə malik bir komanda final mərhəyə birbaşa vəsiqə qazanırdı. 2-ci yeri tutan digər 8 komanda isə öz aralarında pley-off oynayaraq, daha 4 komandanın kimliyini müəyyən edirdi. Ev sahibləri Belçika və Niderland isə turnirə birbaşa vəsiqə qazanmışdılar. 1998-99-cu illəri əhatə edən seçmə mərhələ oyunlarından sonra ev sahibləri ilə birlikdə aşağıdakı 16 komanda final mərhələyə vəsiqə qazandı:
İspaniya, Almaniya, Niderland, Belçika, Rumıniya, Norveç, İsveç, Çexiya, Yuqoslaviya, Portuqaliya, Fransa, İtaliya, İngiltərə, Türkiyə, Danimarka, Sloveniya
Yarışdan öncə UEFA qaydalarda dəyişiklik etmişdi: Belə ki, qrup mərhələsindən sonra sarı və qırmızı vərəqələrin hesabı yenidən aparılırdı. Final mərhələsinin püşkatması 12 dekabr 1999-cu ildə Brüsselin "Sərgi zalı"nda keçirildi. Komandaların torbalar üzrə bölgüsü isə həmin ilin sonuna olan UEFA reytinq cədvəlinə əsasən aparıldı.
Beləliklə, püşkdən sonra qruplar və komandalar aşağıdakı şəkildə oldu:
A qrupu: Almaniya, Rumıniya, Portuqaliya, İngiltərə. B qrupu: Belçika, İsveç, Türkiyə, İtaliya. C qrupu: İspaniya, Norveç, Yuqoslaviya, Sloveniya. D qrupu: Niderland, Çexiya, Fransa, Danimarka.
Oyunların keçiriləcəyi şəhər və stadionlar isə bunlar idi: Brüssel (“Kral Boduen”, Belçika), Brügge (“Yan Breydel”, Belçika), Amsterdam (“Amsterdam Arena”, Niderland), Rotterdam (“Feyenoord”, Niderıand), Lyers (“Moris Düfran”, Belçika), Şarlerua (“Stad dü Pei de Şarlerua”, Belçika), Eyndhoven (“Filips”, Niderland) və Arnem (“Gelreddom”, Niderland).
Çempionatın rəsmi himni E-Type adlı isveçli musiqiçinin "Campione 2000" mahnısı seçilmişdi.
UEFA oyunlara 32 hakim təsdiq etmişdi. Bunlardan 12-si referi, 16-sı laysman, 4-ü isə 4-cü hakim idi. Hakimlər arasında Afrika Fubol Konfederasiyasına daxil olan bir əsas və bir yan xətt hakim də var idi. 10 iyun Belçika- ilə İsveç arasında baş tutacaq açılış matçına isə alman Markus Merk təyin olundu.
Turnirin ən böyük sensasiyası təbii ki, son Avropa çempionu Almaniyanın qrupda qalması oldu. Almanlar nəinki qrupdan çıxa bilmədi, ümumiyyətlə, qələbəyə həsrət qaldılar. A qrupunda yer alan və ilk oyunda Rumıniya ilə 1:1 oynayan Almaniya millisi ikinci turda əbədi rəqib İngiltərəyə 0:1 hesabı ilə uduzdu. Bununla belə, onların son turda Portuqaliyanı məğlub edərək qrupdan çıxmaq şansı qalırdı. Lakin Avropa çempionu nəinki qələbə qazandı, böyük hesabla məğlub olaraq qrupda sonuncu pilləni tutdu və turniri biabırçı nəticə ilə başa vurdu. Portuqaliya isə qrupu maksimum nəticə ilə tərk etdi. Son tura qədər 4 xal toplayan İngiltərə millisini son turda rumınlarla oyunda 1 xal da qane edirdi. Lakin onlar bunu da bacarmadılar və gərgin oyunda 3:2 hesabı ilə qalib gələn rumınlar qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazandı.
B qrupundan İtaliya maksimum nəticə ilə qrupun qalibi oldu. İkinci pillənin sahibi isə gözlənilmədən Türkiyə millisi oldu. Onlar son turda ev sahibi Belçika millisi ilə üz-üzə gəlirdi. Belçikalıları heç-heçə də qane edirdi. Türklər isə qrupdan çıxmaq üçün mütləq 3 xal qazanmalı idi. Avro-96-da qrupu 0 xalla tamamlayan Türkiyə millisi Hakan Şükürün dublu ilə Belçikanı məğlub edərək, tarixində ilk dəfə Avropa çempionatının ¼ finalına vəsiqə qazandı. Bu oyunda Hakan Şükürün qapıçını hava mübarizəsində məğlub edərək vurduğu ilk qol da uzun müddət yaddaşlardan silinmədi.
C qrupu maraqlı mübarizə ilə yadda qaldı. Təsadüfi deyil ki, son tur ərəfəsində bütün komandalar 1/4 final şansını saxlamışdı. İlk turda Norveçə sensasiyalı şəkildə məğlub olan ispanlar ikinci turda Sloveniyanı məğlub etsə də, Yuqoslaviya ilə oyunda onlara ancaq 3 xal sərf edirdi. Çünki heç-heçə belə onları qrupda saxlayırdı. İspanlar böyük çətinliklə də olsa, çox dramatik keçən matçdan qalib ayrılmağı bacardılar. Nəticədə 6 xalla qrupdan lider kimi çıxdılar. Məğlub olmasına baxmayaraq, Yuqoslaviya da qrupu 2-ci pillədə başa vuraraq, 1/4 finala çıxmağı bacardı. Buna səbəb Sloveniya-Norveç matçının heç-heçə başa çatması oldu.
D qrupunda isə gözlənilməz bir hadisə yaşanmadı və favoritlər Niderlandla Fransa 1/4 finala vəsiqə qazandı. Diqqət çəkən məqam Avro-92-nin qalibi Danimarkanın 1 xal belə toplaya bilməməsi oldu.
1/4 finalda hansısa sensasiya qeydə alınmadı. Yalnız Yuqoslaviyanın Niderlanda 1:6-lıq məğlubiyyəti gözlənilməz oldu. İspaniya-Fransa matçının sonluğu dramatik alına bilərdi. Belə ki, hakim 90-cı dəqiqədə Fransanın qapısına penalti təyin etdi. İspanlar fərqlənəcəyi halda oyun əlavə vaxtda gedəcəkdi. Lakin Raul bu imkanı boşa verdi. Onun zərbəsi qapının üstündən gedincə, Fransanın yarımfinala çıxışı da rəsmləşdi.
Yarımfinal matçları isə gərgin mübarizə şəraitində keçdi. Fransa-Portuqaliya matçının ilk hissəsini portuqallar yaxşı keçirdi və fasiləyə 1:0 öndə yollandı. Fasilədən sonra isə Fransa oyuna ağırlığını qoydu və 51-ci dəqiqədə Anri ilə hesabı bərabərləşdirdi. Bundan sonra üstünlük fransızların tərəfinə keçsə də, Portuqaliya oyunu əlavə vaxtda keçirə bildi. Burada isə Fiqu və dostlarının sadəcə, gücü tükəndi. Buna görə də sona qədər dözə bilmədilər və Fransa 117-ci dəqiqədə penalti vurmaq hüququ qazandı. Zidan kimi futbolçu isə bu şansı qaçırda bilməzdi...
Digər yarımfinal matçı da dramatikliyinə görə geri qalmadı. Niderland – İtaliya matçında italiyanlar əsl fədakarlıq nümayiş etdirdilər. Hakim iki dəfə onların qapısına penalti təyin etsə də, niderlandlılar bu penaltilərin heç birini qola çevirə bilmədi. İtaliyanın qapıçısı Françesko Toldo qapısında keçilməz idi. Beləliklə, son finalçının taleyini penaltilər müəyyənləşdirdi və burada daha soyuqqanlı olan italiyanlar finala vəsiqə qazandı.
Final matçı dramatik sonluqla yadda qaldı. Buna qədər hər şey İtaliyanın lehinə gedirdi. İlk hissəsində hesab açılmayan oyunda ilk qolu İtaliya vurdu. Delvekkio 55-ci dəqiqədə hesabı açdı. İtaliyanlar qələbə hesabını demək olar ki, sona kimi qoruyub-saxlamışdılar. Hakimin final fitini səsləndirməsi an məsələsi idi. İtaliyanın ehtiyat oyunçular skamyası meydançaya axışmaq üçün qol-boyun olmuşdular. Fransa bəlkə də oyunda son hücumunu həyata keçirirdi. Viltordun o qədər də güclü olmayan zərbəsi və turniri yüksək səviyyədə keçirdən Toldu zərbəyə reeaksiyaya gecikir...
Əlavə vaxt isə öncədən də məlum olduğu kimi, böyük risk idi. Çünki “Qızıl qol” qaydası qüvvədə idi və qol vuran komanda kuboka sahib olacaqdı. Bu qolu isə fransızlar vurdu. 103-cü dəqiqədə Trezeqenin qarşısıalınmaz zərbəsi fransızlara tarixlərində ikinci dəfə Avropa çempionluğunu qazandırdı. Onu da qeyd edək ki, bu, “Qızıl qol”un son tətbiqi oldu və AVRO-2004-də UEFA bu qaydanı ləğv etdi.
A qrupu
Almaniya – Rumıniya 1:1
Qollar: Şoll, 28 – Moldovan, 5
12 iyun, “Moris Düfran”, Lyer, 28 500 tamaşaçı
Baş hakim: Kim Milton Nilsen (Danimarka)
Portuqaliya – İngiltərə 3:2
Qollar: Fiqu, 22; Joau Pintu, 37; Qomeş, 59 – Skoulz, 3; Makmanaman, 18
12 iyun, “Filips”, Eyndhoven, 31 500 tamaşaçı
Baş hakim: Anders Frisk (İsveç)
Rumıniya – Portuqaliya 0:1
Qol: Koştinya, 90+5
17 iyun, “Gelreddom”, Amem, 18 200 tamaşaçı
Baş hakim: Jil Vessyer (Fransa)
İngiltərə - Almaniya 1:0
Qol: Şirer, 53
17 iyun, “Stad dü Pei de Şarlerua”, Şarlerua, 27 700 tamaşaçı
Baş hakim: Pyerluici Kollina (İtaliya)
İngiltərə - Rumıniya 2:3
Qollar: Şirer, 41 (pen); Ouen, 45 – Kivu, 22; Muntyanu, 48; Qanya, 89 (pen)
Portuqaliya – Almaniya 3:0
Qollar: Konseysau, 35, 54, 71
20 iyun, “Feyenoord”, Rotteredam, 51 504 tamaşaçı
Baş hakim: Dik Yol (Niderland)
B qrupu
Belçika – İsveç 2:1
Qollar: Qor, 43; E. Mpenza, 46 – Myelbyu, 53
10 iyun, “Kral Boduen”, Brüssel, 46 700 tamaşaçı
Baş hakim: Markus Merk (Almaniya)
Türkiyə - İtaliya 1:2
Qollar: Okan, 62 – Konte, 52; F. İnzaqi, 70 (pen)
11 iyun, “Gelredom”, Amem, 22 500 tamaşaçı
Baş hakim: Hyu Dallas (Şotlandiya)
İtaliya – Belçika 2:0
Qollar: Totti, 6; Fyore, 66
14 iyun, “Kral Boduen”, Brüssel, 44 500 tamaşaçı
Baş hakim: Xose Mariya Qarsiya-Aranda (İspaniya)
İsveç – Türkiyə 0:0
15 iyun, “Filips”, Eyndhoven, 28 560 tamaşaçı
Baş hakim: Dik Yol (Niderland)
Türkiyə - Belçika 2:0
Qollar: Hakan Şükür, 45, 70
19 iyun, “Kral Boduen”, Brüssel, 43 000 tamaşaçı
Baş hakim: Kim Milton Nilsen (Danimarka)
İtaliya – İsveç 2:1
Qollar: Di Byazo. 39; Del Pyero, 88 – Larsson, 77
19 iyun, “Filips”, Eyndohen, 29 500
Baş hakim: Vitor Melo Pereyra (Portuqaliya)
C qrupu
İspaniya – Norveç 0:1
Qol: İversen, 65
13 iyun, “Feyenoord”, Roterdam, 41 500 tamaşaçı
Baş hakim: Camal Əl-Qəndur (Misir)
Yuqoslaviya – Sloveniya 3:3
Qollar: Miloşeviç, 67, 70; Druloviç, 73 – Zaxoviç, 23, 57; Pavlin, 52
13 iyun, “Stad dü Peyi de Şarlerua”, Şarlerua, 16 478 tamaşaçı
Baş hakim: Vitor Melo Pereyra (Portuqaliya)
Sloveniya – İspaniya 1:2
Qollar: Zaxoviç, 59 – Qonsales, 4; Eçeberria, 60
18 iyun, “Amsterdam Arena”, Amsterdam, 42 500 tamaşaçı
Baş hakim: Markus Merk (Almaniya)
Norveç – Yuqoslaviya 0:1
Qol: Miloşeviç, 56
18 iyun, “Moris Düfran”, Lyers, 27 250 tamaşaçı
Baş hakim: Hyu Dallas (Şotlandiya)
Yuqoslaviya – İspaniya 3:4
Qollar: Miloşeviç, 30; Qovedaritsa, 51; Komlenovuç, 75 – Peres, 38, 90+5; Munitis, 52; Mendyeta, 90+2 (pen)
21 iyun, “Yan Breydel”, Brügge, 24 000 tamaşaçı
Baş hakim: Jil Vessyer (Fransa)
Sloveniya – Norveç 0:0
21 iyun, “Gelredom”, Amem, 22 500 tamaşaçı
Baş hakim: Qrem Poll (İngiltərə)
D qrupu
Fransa – Danimarka 3:0
Qollar: Blan, 16; Anri, 64; Viltord, 90
11 iyun, “Yan Breydel”. Brügge, 28 100 tamaşaçı
Baş hakim: Günter Benko (Avstriya)
Niderland – Çexiya 1:0
Qol: Frank de Bur, 89 (pen)
11 iyun, “Amsterdam Arena”, Amsterdam, 50 833 tamaşaçı
Baş hakim: Pyerluici Kollina (İtaliya)
Çexiya – Fransa 1:2
Qollar: Podolski, 35 (pen) – Anri, 7; Corkayeff, 60
16 iyun, “Yan Breydel”, Brügge, 28 100 tamaşaçı
Baş hakim: Qrem Pol (İngiltərə)
Danimarka – Niderland 0:3
Qollar: Klüvert, 57; Ronald de Bur, 66; Zenden, 77
16 iyun, “Feyenoord”, Rotterdam, 51 117 tamaşaçı
Baş hakim: Urs Mayer (İsveçrə)
Danimarka – Çexiya 0:2
Qollar: Şmitser, 64; 67
21 iyun, “Moris Düfran”, Lyers, 18 000 tamaşaçı
Baş hakim: Camal Əl-Qəndur (Misir)
Fransa – Niderland 2:3
Qollar: Düqarri, 8; Trezeqe, 31 – Klüvert, 14; F. De Bur, 51; Zenden, 59
21 iyun, “Amsterdam Arena”, Amsterdam, 51 000 tamaşaçı
Baş hakim: Anders Frisk (İsveç)
1/4 final
Türkiyə - Portuqaliya 0:2
Qollar: Qomeş, 44; 56
24 iyun, “Amsterdam Arena”, Amsterdam, 42 000 tamaşaçı
Baş hakim: Dik Yol (Niderland)
İtaliya – Rumıniya 2:0
Qollar: Totti, 33; F. İnzaqi, 43
24 iyun, “Kral Boduen”, Brüssel, 40 000 tamaşaçı
Baş hakim: Vitor Melo Pereyra (Portuqaliya)
Niderland – Yuqoslaviya 6:1
Qollar: Klüvert, 24, 38, 54; Qovedaritsa, 51 (avtoqol); Overmars, 78, 90 – Miloşeviç, 90+1
25 iyun, “Feyenoord”, Roterdam, 47 700 tamaşaçı
Baş hakim: Xose Mariya Qarsiya-Aranda (İspaniya)
İspaniya – Fransa 1:2
Qollar: Mendyeta, 38 (pen) – Zidan, 32; Corkayeff, 44
25 iyun, “Yan Breydel”, Brügge, 30 000 tamaşaçı
Baş hakim: Pyerluici Kollina (İtaliya)
*Raul 90-cı dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib
Yarımfinal
Fransa – Portuqaliya 2:1
Qollar: Anri, 51; Zidan, 117 (pen) – Qomeş, 19
28 iyun, “Kral Boduen”, Brüssel, 50 000 tamaşaçı
Baş hakim: Günter Benko (Avstriya)
İtaliya – Niderland 0:0 (pen 3:1)
29 iyun, “Amsterdam Arena”, Amsterdam, 51 300 tamaşaçı
Baş hakim: Markus Merk (Almaniya)
*39-cu dəqiqədə Niderlanddan Frank de Bur, 62-ci dəqiqədə isə Patrik Klüyvert penaltidən dəqiq istifadə edə bilməyib.
FİNAL
Fransa – İtaliya 2:1
Qollar: Viltord, 90+3; Trezeqe, 103 – Delvekkio, 55
2 iyul, “Feyenoord”, Rotterdam, 48 200 tamaşaçı
Baş hakim: Anders Frisk (İsveç)
Hazırladı: Anar XANLAROV