
İlham Rəhimov, "Turan Tovuz"un ayağını yerdən götürün...
- 03 Sen 2022 13:00
- 865
Dünən UEFA-dan "Qarabağ"a 20 milyon manata yaxın pul köçürüldüyü və "Qarabağ"ın yerinə olsam, "Turan Tovuz" və "Kəpəz"in hərəsinə bir avtobus alıb AFFA-ya qapaq qoymaqla bağlı status yazmışdım. Əslində mən statusu yarı zarafat, yarı ciddi yazmışdım, amma hımin yazını tam ciddi qəbul edib dəstəkləyənlər də az olmadı. Oxuduğunuz yazını da bir növü həmin statusun davam olaraq yazıram və tovuzlu futbolsevərlərə də məsləhətim olacaq. Əvvəla həqiqətən də şəxsən mən "Qarabağ"ın rəhbəri olsam, hər iki komandaya bir avtobus alıb hədiyyə edərdim. 20 milyonun qabağında hər komandaya 100 minlik avtobus böyük xərc deyil. Əvəzində böyük jest, hədiyyə olardı, həm də AFFA-ı utandırardım ki, elitaya komanda gətirmisən, oyuna getməyə avtobusları yoxdur.
Amma eyni zamanda, "Turan Tovuz" və "Kəpəz"in rəhbərliyinin yerinə olsam, qəbul etməzdim, niyə? Çünki hər nə qədər təmiz niyyətlə, təmənnasız verilsə də, yenə adam özünü boğaz kimi hiss edəcəkdi və sabah sən çıxıb "Qarabağ"a qarşı bütün gücünlə mübarizə aparıb xal alsan, ən azı vicdan baxımından düz gəlməyək. Amma tam ciddi olaraq edəcəyim təklif "Turan Tovuz"la bağlıdır, çünki ortada İlham Rəhimov faktoru var. İlham Rəhimov tovuzludur. Statusu, hər mənada çəkisi, hörməti, varı-dövləti haqda əlavə şərh verməyə ehtiyac yoxdur. Deyilənə görə, Putinin də yaxın dostudur. Dəfələrlə "Turan Tovuz"a sponsorluq edəcəyinə dair məlumatlar yayılıb, güman ki, hansısa səbəbdən özü istəmir. Yoxsa İlham Rəhimov qolundakı saatı satsa, o pulla bir il "Turan Tovuz"u çox rahat şəkildə saxlamaq olar. Amma düşünürəm ki, məhz avtobus məsələsində kömək edə bilər. Bir azərbaycanlı, bir tovuzlu kimi. Bir avtobus alıb komandaya hədiyyə etmək onun üçün su içmək kimi bir şeydi. Sadəcə, cəhd edib müraciət etmək lazımdır. Məsələn, mən düşünürəm və təklif edirəm ki, bir qrup tovuzlu azarkeş, futbol veteranı, Tovuzun tanınmış simaları yığışıb Rəhimova məktub ünvanlasın. VAllah ayıb bir şey yoxdur, AFFA-dan asılı olub, AFFA-nın əlinə baxmaqdansa, belə bir adamdan kömək istəmək daha məntiqlidir. O başqa məsələ ki, Rəhimov bu xahişə əməl edər, yoxsa yerə salar, məncə, yerə salmaz. Çünki haqqında xeyirxalh insan kimi danışırlar, Tovuz üçün az iş görməyib. İlk gündən demişəm, AFFA-nın yaratdığı Futbolun İnkişaf Fondunan (FİF) əlinizi üzün, ay bunlar ianə toplayacaq, 100 min pul düzəldəcək, sonra o pula avtobus alacaq, ölmə eşşəyim, ölmə söhbəti. O günü maraqlanmışam aradan xeyli müddət keçsə də, 4-5 min pul yığılıb, ya yox. Yəni bir svtobusun bir təkərinin pulu. İlk dövrənin yarısı gedib. İtiriləcək heç nə yoxdur, xeyiri olar ki, ziyanı olmaz. Məsələn, mən özüm tovuzlu deyiləm. Amma Azərbaycan futbolunun, Tovuz futbolunun inkişafı naminə bu yazını yazmağı özümə borc bildim. Bəlkə getdi çatdı, oxudu, soy adına uyğun olaraq, bəlkə rəhmə gəldi, kömək elədi. İlham müəllim, bu gün doğma rayonunuzun futbolunun, futbolsevərlərinin sizin yardımınıza, dəstəyinizə çox ehtiyacı var. Yəqin siz də bir tovuzlu kimi, razı olmarsınız ki, sizin kimi övladı olan bir rayonun futbol komandası oyunlara getməyə avtobus tapmasın və AFFA ianə bu komandaya avtobus almaq üçün ianə toplamağa başlasın. Bu duruma son qoyun, doğma Tovuzun "Turan Tovuz"nun ayağını yerdən götürün...
Anar XANLAROV