Azərbaycan çempionatında kişi voleybolçuların I Liqasında bürünc mükafatçı bəlli olub. "Rekord.az" xəbər verir ki, bu gün "Murov" voleybol klubunun idman zalında təşkil olunan üçüncü yer uğrunda görüşdə  "Kapitalist" və "Hərbi İnstitut" komandaları üz-üzə gəliblər.
Qarşılaşmaya daha yaxşı başlayan “Hərbi İnstitut" ilk seti 25:21 hesabıyla qalib başa vurub. Növbəti hissə daha gərgin keçib. "Kapitalist"in ciddi müqavimətinə baxmayaraq, bu set də "hərbçilər"in üstünlüyü ilə yekunlaşıb - 26:24. Sonrakı hissə isə matçda sonuncu olub. "Hərbi İnstitut" 25:18 hesabı ilə qalib gələrək quru hesablı qələbəsini rəsmiləşdirib və yarışın bürünc medallarına sahib çıxıb.
Qeyd edək ki, I Liqanın finalında “Express" və "Təhsil" komandaları yarışın qalibini müəyyən edəcəklər. Həmin oyunun keçiriləcəyi vaxtla bağlı məlumat veriləcək.

I Liqa
Bürünc medal uğrunda 
   “Hərbi İnstitut” - “Kapitalist” 3:0 (25:21, 26:24, 25:18)