Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Yelizaveta Ruban Rumıniya çempionatının pley-offunda növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "CSM Lugoj" üçüncülük uğrunda "CS Rapid Bucuresti" klubu ilə üz-üzə gəlir.

Cütün ilk görüşündən fərqli olaraq bu dəfə daha gərgin mübarizə qeydə alınıb. Növbə ilə hərəyə iki set qazanan komandalar oyunun taleyini tay-brekə daşıyıblar. Həlledici hissədə isə Liza və rəfiqələri daha yaxşı oynayaraq 3:2 (26:28, 25:20, 22:25, 25:20, 15:12) hesablı qələbəyə seviniblər. Bununla ilk qarşılaşmada 3:0 hesablı qalib gəlmiş voleybolçumuzun komandası ümumi hesabı 2:0 edib və bürünc medala sahib çıxmış üçün cəmi bir qələbəyə ehtiyacı var. Növbəti qarşılaşmada da komanda qələbə qazanarsa, çempionatda üçüncü yeri tutacaq. 

Komandasının bürünc medala daha da yaxınlaşdığı matçda millimizin üzvü 20 xal qazanıb. Ruban rəqibi 17 dəfə hücumda, 2 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.