Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya çempionatının finala adlaya bilməyib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "CSM Lugoj" yarımfinalda üçüncü oyununu keçirib.

Voleybolçumuzun komandası bu mərhələdə "CSM Targoviste" klubu ilə qarşılaşır. Cütün ilk iki oyunundan (3:2, 0:3) sonra ümumi hesab bərabər olduğundan həlledici matça ehtiyac yaranmışdı. Son oyun isə rəqibin üstünlüyü ilə keçib. 4 set davam edən qarşılaşmada Liza və rəfiqələri 1:3 (17:25, 23:25, 25:16, 15:25) hesabı ilə uduzublar.

Bu oyunda yığmamızın üzvü 16 dəfə fərqlənməklə qarşılaşmanın ən məhsuldar voleybolçusu olub. Ruban bu xallardan 15-ni hücumda, 1-ni isə blokda qazanıb.

Qeyd edək ki, yarımfinal mərhələsini adlaya bilməyən "CSM Lugoj" bürünc medal uğrunda mübarizə aparacaq. Bu etapda komandanın rəqibi "CS Rapid Bucuresti" klubu olacaq.