Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Yelizaveta Ruban Rumıniya kubokunun qalibi olub. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "CSM Lugoj" finalda "CSM Targoviste" klubu ilə üz-üzə gəlib.

Həlledici görüş voleybolçumuzun komandasının üstünlüyü ilə başlayıb və "CSM Lugoj" ilk iki setdən qalib ayrılıb. Lakin rəqib növbəti hissədə daha yaxşı oynayıb və seti aktivinə yazdırıb. Bununla belə, Liza və rəfiqələri sonrakı hissədə də qalib gəlməklə 3:1 (25:16, 26:24, 22:25, 25:21) hesablı qələbəni rəsmiləşdiriblər. Beləliklə, finalda rəqibini məğlub edən "CSM Lugoj" Rumıniya kubokuna sahib çıxıb.

Komandasının növbəti titulunu qazandığı matçda millimizin üzvü 21 dəfə fərqlənməklə qarşılaşmanın iki ən məhsuldar oyunçuundan biri olub. Ruban bu xallardan 19-nu hücumda, 2-ni isə blokda qazanıb. O, möhtəşəm oyunuyla həmçinin MVP seçilib.

Qeyd edək ki, voleybolçumuzun komandası bir müddət əvvəl Rumıniya çempionatının bürünc medalını qazanıb.