Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Yelizaveta Ruban Rumıniya çempionatının bürünc medalını qazanıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "CSM Lugoj" üçüncülük uğrunda "CS Rapid Bucuresti" klubu ilə üz-üzə gəlib.

Cütün ilk iki qarşılaşmasında 3:0 və 3:2 hesabları ilə qələbə qazanan voleybolçumuzun komandası həlledici matça yaxşı başlamayıb və rəqib birinci seti aktivinə yazdırıb. Bundan sonra təşəbbüsü ələ alan Liza və rəfiqələri sonrakı hissələrdə qalib gəlməklə meydandan 3:1 (26:28, 25:23, 25:16, 25:23) hesablı qələbə ilə ayrılıblar. Beləliklə, "CSM Lugoj" bu qələbə ilə Rumıniya çempionatının bürünc medalına sahib çıxıb.

Komandasının üçüncü yeri rəsmiləşdirdiyi görüşdə millimizin üzvü 20 xal qazanıb. Ruban rəqibi 14 dəfə hücumda, 4 dəfə blokda, 2 dəfə isə eyslə məyus edib.