Bu mövsüm Şamaxıya ikinci səfərim idi. Ümumilikdə isə "Şamaxı"nın üçüncü oyununa gedirdim. Maraqlıdır ki, getdiyim hər üç  oyun bölgə komandası üçün uğurlu olub. "Qəbələ" ilə evdə heç-heçə oynayıblar, səfərdə "Turan Tovuz"a qalib gəliblər, dünən isə evdə, bu dəfə "Sumqayıt"ı məğlub etdilər. Deyəsən, ayağım "Şamaxı"ya düşür... 

 

Yox, əlamətlərə, batil inanclara inanan insan deyiləm. Baş verənləri müəyyən istisnalarla reallıq kimi qəbul edirəm. Mövsümün əvvəlində məhz Şamaxıda klubun təqdimatı üçün keçirilən tədbirdə bu mövzu çox müzakirə olundu. Media da, klub rəhbrliyi və məşqçilər korpusu da etiraf edir ki, sırf yerli futbolçulardan qurulan və üstəlik gec yığılan komandadan ciddi uğur gözlənilmir, tələb olunmur. "Şamaxı" bir növü yerli futbolçuların təcrübə yığıb formalaşmasına hesanlanmış "layihə" idi. Hansı ki, 10 il öncə "Sumqayıt" da bu adla yola çıxmışdı. Amma "Sumqayıt" bu yolda gözləniləni vermədi və uğurlu olduğunu deyə bilmərik. Çünki aradan keçən 10 il ərzində sıfırdan formalaşan və bu gün klubda, millidə əsas heyət üzvünə çevirilən, yaxud bir az da uzağa getsək, ölkəmizi xaricdə təmsil edəcək səviyyədə futbolçu yetişmədi. Üstəlik, "yerli futbolçular" desək də, "Sumqayıt"da kifayət qədər gəlmə, qeyri-azərbaycanlı olduğu halda milliləşdirilən futbolçuların sayı da kifayət qədər olub. Bu mənada "Şamaxı"nın "Sumqayıt"dan fərqi odur ki, bu klubda bütün futboulçular ad-soyad olaraq sırf azərbaycanlıdır. 

 

Mövsüm gözlənilən kimi, uğurlu başlamadı, komanda uzun müddət qələbəyə həsrət qaldı. Qolu da çətinliklə vururdular. Amma ümid verirdilər. Çünki futboldan anlayan, başa düşən hər kəs görürdü ki, ortada görülən iş, ümid qığılcımı var. Gənc futbolçuların təcrübəsi olmasa da, istəkli oynayırlar, rəqibin kimliyindən asılı olmayaraq, vuruşurlar. Üstəlik, klub rəhbərliyi də səbr nümayiş etdirirdi. Legioner transferi məsələsi gündəmə gələndə də hələik  buna getmək fikrində olmaqdıqlarını bildirirdilər. Artıq həmin görülən işin, həmin səbrin bəhrəsini görməkdəyik. "Şamaxı" son iki turu sadəcə, möhtəşəm oynayır. Səfərdə "Turan Tovuz" kimi möhkəm komandanı 3:1 hesabı ilə məğlub edən "Şamaxı" dünən "Sumqayıt"ı da 4:2 hesabı ilə məğlub etməklə Tovuzdakı qələbənin təsadüfi olmadığını sübut etdi. Diqqətimi çəkən əsas məsələ o idi ki, qol vuran "Şamaxı" geri oturmaq, hesabı qorumaq, yerə yıxılıb yersiz yerə vaxt uzatmaq kimi metodlardan da istifadə etmədi. Əksinə, daha yaxşı oynadığını və daha çox qol vurmaq imkanını görüncə, irəli atılıb növbəti qolu vurmaq haqda düşünürdü. Təsadüfi deyil ki. komanda 5-ci qolu da vurdu, lakin hakimlər sonradan VAR-a baxıb bu qolu ləğv etdi. Amma istənilən halda ,məşhur mahnıda deyildi kimi, "Şamaxı" adamı heyran elədi. Öz oyunu, döyüşlənliyi, əzkarlığı ilə. Rəhbərliyə bu yolda davamı tövsiyyə edərdim. Məşqçilər korpusunin işini də qeyd etmək lazımdır. Çünki komandanın oyunundakı məşqçi işini görməmək də günah olardı. "Şamaxı" bu cür davam etsə, mövsümün kəşfi sayıla biləcək futbolçular da ortaya çıxaracaq. Hansı ki. buna namizəd futbolçular var. Kamran Quliyev, Fuad Bayramov, Rövşən Şahmuradov, Qurban Səfərov, Nİhat Səfərov bu gün bəlkə də Azərbaycan futbolunun xilaskarları gözü ilə baxılır. Təbii, hər şey özlərindən asılı olacaq. Böyük istedadları, potensialları, istəkləri var. Çox ümid edirik ki, bunun fonunda eşitdikləri təriflərdən, sözlərdən başları gicəllənməyəcək, vaxtı ilə bir çox futbolçularımızın etdiyi səhvləri etməyəcəklər, başlarını aşağı salıb öz oyunlarını oynayacaq, daha da artırmaq,daha da irəli getmək haqda düşünəcəklər. Belə olarsa, həm özləri, həm də Azərbaycan futbolu qazanacaq. Uğurlar, "Şamaxı"!

 

Anar XANLAROV