"Real"dan "Mançester Yunayted"ə transfer olunan Kazemiro İngiltərə təmsilçisinə keçidi barədə danışıb. 

Rekord.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında yeni kluba qoşulduğu üçün həyəcanlı olduğunu deyib: 

“Dəyişiklik mənim üçün yeni bir başlanğıcdır. Üç gün əvvəl həyat yoldaşımla danışdım və o, mənə dedi ki, mən 18 yaşlı oğlana oxşayıram. Yeni kluba qoşulduğum üçün çox həyəcanlıyam. Artıq Premyer Liqada oynamağı səbirsizliklə gözləyirəm. İmkanım olsaydı, "Liverpul"la dünənki matçda oynayardım. "Mançester Yunayted" böyük tarixə malik klubdur. "Real"da göstərdiyim oyunu, mübarizə xarakterimi, çalışqanlığımı, biznesə peşəkar münasibətimi "Mançester Yunayted"də də göstərmək istəyirəm. Niyyətlərimin ciddiliyini təsdiqləmək üçün hər gün çox çalışacağam. Premyer Liqanı qazanmaq istəyirəm. İndi karyeramın ən yaxşı dövrlərindən birini yaşayıram. Özümü əla formada hiss edirəm. Hiss olunur ki, indi bu qərarı qəbul etmək üçün mükəmməl an idi".

Qeyd edək ki, Kazemiro ilə imzalanan müqavilənin müddəti 4 illikdir.