"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 18-ci turu çərçivəsində doğma meydanda "Sabah"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 1:3 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:


“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Baxımlı, maraqlı oyun alındı. Birinci hissədə 0:3 məğlub durumda idik. Halbuki oyun bərabər səviyyədə keçirdi. Futbolçularımın çıxışından razı idim. Sadəcə olaraq rəqib əlinə düşən fürsətlərdən yaxşı istifadə etdi. Biz isə əksinə, epizodları dəyərləndirə bilmədik. Bele olan halda ilk hissədən sonra gözlənilmədən hesab var idi. İkinci yarıda futbolçular oyundan qopmadılar, sona qədər mübarizə apardılar. Sonda standart vəziyyətdən fərqləndik. Amma oyunu çevirmək çətin görünürdü. Futbolçularıma təşəkkür etmək istəyirəm. Yaxşı oyunlarımızdan birini keçirdik.


İlk 30 dəqiqədə xırda səhvlərdən istifadə etdilər və dərhal bizi cəzalandırdılar. Başqa bir səbəb görmürəm. Futbolçularım taktiki cəhətdən verilən tapşırıqları yerinə yetirməyə çalışırdılar. Bu gün hər şey rəqib üçün uğurlu alınırdı, bizim üçün isə əksinə. Hakimlik haqda danışıb rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Hər iki komandanın ifasında keyfiyyətli futbol oldu. Son fazada rəqib daha dəqiq idi. Buna görə də qələbə qazandılar”.