“Heç-heçə qənaətbəxş nəticədir”
- 18:30
- 29
"İmişli"nin baş məşqçisi Xorxe Kaskilya Misli Premyer Liqasının 19-cu turunda “Kəpəz"lə heç-heçə etdikləri oyun (0:0) haqda danışıb.
Rekord.az xəbər verir ki, mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında nəticənin qənaətbəxş olduğunu deyib:
“Hər iki komanda oyunun necə vacib olduğunu başa düşürdü. Erkən qol vurmaq istəyirdik. Rəqib xırda foullarla oyunun tempini aşağı salırdı. Birinci hissədə təhlükəli vəziyyətlər az idi. İkinci hissədə meydançanın vəziyyəti daha da pisləşdi. Amma komandam qol vurmaq üçün çalışırdı. Hər iki komanda başa düşürdü ki, xal itirmək olmaz. "Kəpəz"lə aramızda 6 xal fərq var. Fərqi qoruya bildik. Qol vurub fərqi artırmaq istəyirdik, amma alınmadı. Nəticənin qənaətbəxş hesab edirəm”.
O, “Sizin oyunçularınız da vaxt aparırdılar. Əvvəldən 1 xal sizi qane edirdi” sualını belə cavablandırıb: “Bütün oyunlara qələbəni düşünərək çıxırıq. Bu gün uduzmamaq çox vacib idi”.
Kaskilya yeni transfer Dioqo Kardosonun oyununu dəyərləndirib: “Hələ fikir bildirmək üçün tezdir. 5 gün bizimlə məşq edib. Komandaya uyğunlaşması üçün bir az vaxt lazımdır. Hücum xəttinə köməyi dəydi. Sürətli, texnikalı oyunçudur”.
Baş məşqçi futbolçusu Azər Salahlının durumundan da söz açıb: “Zədə boyun nahiyəsində idi. Hərəkət etməkdə çətinlik çəkirdi. Tibbi müayinədən keçməyin. Ümid edirik ki, ciddi zədə deyil”.