«Bakı»FK-nın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən keçmiş bazasında aparılan tikinti dayandırılıb.

Rekord.az xəbər verir ki, buna səbəb klubun prezidenti Hafiz Məmmədov iddia qaldımasıdır.

O, bazanın ərazisinə yiyələnən şirkətdən vaxtilə bura çəkdiyi xərcin ödənilməsini tələb edir. Sabiq iş adamının istəyi 25 milyon manatın geri qaytarılmasıdır.

H.Məmmədov keçmiş «Delfin»MMC-yə məxsus torpaq sahəsində inşa etdirdiyi futbol kompleksinin buranı satın alan şirkət tərəfindən dağıdılmasının qanunsuz olmasını isbatlamağa çalışır.

Çünki “Delfin” MMC 3 il öncə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı əsasında həmin əraziyə sahiblənib və stadionun sökülməsinə qərar verib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yalnız keçmiş “Delfin” hotelinin, keçmiş Qolf Federasiyası və məşhur “Kəhrəba” restoranının yerləşdiyi ərazinin sökülməsinə icazə tanıyıb.

Artıq bu proses başa çatıb. Onunla yanaşı, keçmiş təlim-məşq bazası tamamilə sökülüb və beləliklə, paytaxtın ən böyük futbol infrastrukturunun profili dəyişib.