Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və DİİXİ Həmkarlar İttifaqı Biləsuvar rayon komitəsinin dəstəyi ilə 28 aprel 2023-cü il tarixindən start götürən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə rayon birinciliyinə yekun vuruldu.

Rekord.az xəbər verir ki, tədbirin bağlanış mərasimində çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev iştirakçıları qələbə münasibətilə təbrik etdi, bildirdi ki, iki həftəyə yaxındır davam edən turnirin əsas məqsədi Ulu Öndərin xatirəsinin yad edilməsi, rayon idarələrində çalışan əməkdaşların idmana, sağlam həyat tərzinə marağın artırılması, həmçinin idarələr arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verilməsidir.

Yarışda iki qrup üzrə 9 komanda birinci yer uğrunda mübarizə apardı. Final mərhələsində Biləsuvar Rayon Polis Şöbəsinin komandası Təhsil sektorunun komandası üzərində qələbə qazanmaqla yarışın qalibi oldu, Təhsil sektorunun komandası müvafiq olaraq ikinci yerə layiq görüldü, FHN-nin Biləsuvar bölməsi isə Olimpiya İdman Kompleksinin komandası üzərində qələbə qazanmaqla üçüncü pillədə qərarlaşıb.

Sonda qalib komandalar kubok, diplom və medallarla mükafatlandırılıb.