Uzun fasilədən sonra Mingəçevir futbolu peşəkar status ala bilər.

Rekord.az-a daxil olan məlumata görə, "Energetik"in növbəti mövsüm I Divizionda oynamaq ehtimalı yaranıb.

Əldə etdiyimiz məlumata görə, hazırda "Region Liqası"nda çıxış edən sözügedən komandanın baş məşqçisi Zaur Qarayev "Azərenerji"nin yerli şöbəsinə müraciət edib. Qeyd edək ki, "Energetik"ə məhz bu qurum sponsorluq edir. Qarayev növbəti mövsüm üçün komandaya daha çox maddi dəstək olunmasını xahiş edib. Lazımı dəstək olarsa komanda I Divizionda oynamaq üçün AFFA-ya müraciət də edə bilər. Deyilənə görə, "Azərenerji" ilk an üçün "yox" deməyib. Əksinə, Qarayevə bildirilib ki, komandaya qayğı artırılacaq. Lakin məsələyə Bakıdan gələcək konkret cavabdan sonra dəqiq aydınlıq gələcək. Bir sözlə, hər şey "Azərenerji"nin baş ofisindən gələcək cavabdan asılı olacaq.