
Əməkdar məşqçinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə start verilib
- 13 İyn 2025 20:00
- 41
Gənclər və İdman Nazirliyi, Dünya Atletikası və Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə əməkdar məşqçi Əfqan Səfərovun 28-ci beynəlxalq memorialına start verilib.
Rekord.az xəbər verir ki, açılış mərasimində çıxış edən AAF-ın baş katibi Məhərrəm Sultanzadə və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva Əfqan Səfərovun ölkəmizdə atletikanın inkişafı yolunda misilsiz xidmətlərindən danışaraq yüksək statuslu memorialın iştirakçılar üçün nufuzlu yarışlar öncəsi mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Yarışda Azərbaycan atletləri ilə yanaşı, Gürcüstan və Tacikistandan ümumilikdə 70-ə yaxın idmançı mübarizə aparır.
Memorialın ilk günündə kişilər arasında nüvə itələmə yarışında qalib olan İsmayıl Əliyev 17.50 metr nəticə göstərərək 1961-ci ildən bəri Zaur Sadıxova məxsus olan Azərbaycan rekordunu yeniləyib. Bu növdə qadınlar arasında Səkinə Hacızadə bütün rəqiblərini qabaqlayıb. Üç təkanla tullanmada Nazim Babayev və Yekaterina Sarıyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
100 metr məsafəyə qaçışda müvafiq olaraq kişilər və qadınlarda Əlhəm Nağıyev və Fəridə Rzayeva, 400 metrdə Novruz Əsədli və Lamiyə Vəliyeva, 1500 metrdə Bəxtiyar Əsgərli memorialın qalibi olub. 4x100 metr estafetdə kişilərdə Oqtay Xudiyev, Ruslan Klyukov, Yusuf Abdullayev,Vladimir Borisov, qadınlarda isə Safiya Kərimova, Ləman İsfəndiyarova, Lamiyə Vəliyeva, Fəridə Rzayeva baş mükafatları qazanıblar.