Dambrauskas niyə əsəbidir?
- 11:30
- 92
Valdas Dambrauskas “Sabah”ın bu mövsümkü uğurlarında böyük pay sahibidir. Bunu danmaq mənasız məşğuliyyət olar. Onun rəhbərliyi altında “Sabah” çox inamlı mövsüm keçirdi və hər iki cəbhədə Azərbaycanın ən güclüsü oldu. Litvalı mütəxəssisin peşəkar futbolçu kimi hansısa uğur əldə etmədiyi, öz üzərində çalışaraq futbolun nəzəriyyəsini yaxşı öyrəndiyi çox maraqlı məqamdır. Adam bir növ özünü Mourinyo kimi inkişaf etdirib, uğurlu futbol mütəxəssisinə çevrilib. Özü də Litva kimi futbolu ilə çox da tanınmayan bir ölkədən çıxmaqla bunu bacarıb.
Hamımız ümid edirik ki, “Sabah” onun rəhbərliyi altında bu uğurlu çıxışını avrokuboklarda da davam etdirəcək. Çünki Azərbaycanda uğur qazanmaq bir mərhələdir və artıq “Sabah”la Dambrauskar bu mərhələni uğurla adladı. Amma əsas imtahanın “Biləcəridən o tayda” olduğunu unutmamaq lazımdır. Xüsusən də hakimliklə bağlı mübahisələrin bitib-tükənmədiyi bir mövsümün sonunda “Sabah”ın uğurunun təsadüfi olmadığını isbatlamaq üçün avrokuboklarda uğurlu çıxış etmək, ciddi rəqiblərlə özünü göstərmək xeyli vacibdir.
Cənab Dambrauskası az əvvəl Mourinyo ilə müqayisə etdim, portuqaliyalı mütəxəssisin də böyük futbolçu olmadığını, əvəzində məşqçi kimi uğur qazandığını xatırladım. Deyəsən, bizim əziz Valdas Dambrauskas başqa xüsusiyyətlərinə görə də Mourinyoya bənzəmək niyyətindədir. Onun kimi tez özündən çıxır, mətbuat konfranslarında jurnalistlərlə mübahisələrə çox meyl edir, bəzi sualları aqressiv və özünə hörmətsizlik kimi qəbul edir. Xüsusən də “Qarabağ”ın adı gələndə, onlarla hansısa formada müqayisə ediləndə qəzəbini saxlaya bilmir.
Məncə, yay fasiləsində litvalı çalışdırıcı bunun üzərində bir qədər çalışsa, özünü sakitləşdirmək üçün bəzi həmlələr etsə, heç də pis olmaz. Qəbul etsə də, etməsə də bu ölkənin futbolunda “Qarabağ” boyda bir marka var. Bu marka illərdir ki, insanların qəlbinə yol tapıb, Azərbaycan çempionatında rəqib tanımayıb. “Qarabağ”ı azərbaycanlı azarkeşlərə sevdirən əsas məqam isə avrokuboklarda qazandığı sabit nəticələr, reallıqda gözlənilməyən uğurlardır. İndi hər kəsin ürəyində “Sabah”ın bu uğurları təkrarlamağı bacarıb-bacarmayacağı ilə bağlı bir narahatlıq, bir nigarançılıq var. Buna da normal yanaşmaq lazımdır.
Artıq hadisələrin gedişatı göstərir ki, “Sabah”ı qarşıda müəyyən problemlər gözləyir. Hansı ki, həmin o problemlər bu mövsüm “Qarabağ”ın Çempionlar Liqasındakı uğurundan sonra komandanı taqətdən saldı. Legionerlər Avropanın çeşidli klublarından rəsmi və ya qeyri-rəsmi təkliflər eşidib, Azərbaycandakı “yaşıl meydanlar”dan, boş tribunalardan soyudular. Yerli Elvin Cəfərquliyev eşitdiyi təriflərdən göyə uçdu, ayağını stadionlara qoymaq istəmədi. “Sabah” hələ bu miqyasda uğur qazanmayıb, amma komandanın əsas futbolçularından biri Mikesl qısa müddətdə ikinci dəfə komandanı yarıyolda buraxıb, qaçmağa hazırlaşır. Məqsəd daha çox qazanmaq həvəsidir.
Sözümün canı odur ki, klub böyüdükcə onun hədəfləri də böyüyəcək, problemləri də. Çox hörmətli Valdas Dambrauskas da bunları nəzərə almalı, özü də bir qədər böyüməli, təzyiqlərə də, bəzən yersiz müqayisələrə də hazır olmalıdır. Hər mətbuat konfransında əsəbləşib, özündən çıxsa, onda komandasını çətin sınaqlara hazırlamağa güc qalmaz. Məndən söyləməsi, nəticə çıxarıb-çıxarmamaq öz işidir.