
“Daha yaxşı olan komanda mübarizəni dayandırdı” - Ozobiç
- 25 Avq 2022 12:31
- 484
“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyada "Viktoriya"ya (Plzen) qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 1:2 hesabı ilə uduzduqları matçla bağlı "İndex" nəşrinə müsahibəsində bunları söyləyib:
“Daha yaxşı olan komanda mübarizəni dayandırdı. Amma rəqibi təbrik etməliyəm. Demək olmaz ki, onlar mərhələni keçməyə layiq deyildilər. Lakin düşünürəm ki, biz hər iki matçda daha yaxşı idik. Çempionlar Liqasının qrupuna düşə bilmədiyimiz üçün təəssüflənirəm".
31 yaşlı futbolçu komandanın Avropa Liqasındakı hədəflərindən söz açıb: "Qarabağ"ın seçmə mərhələlərdə "Lex" (Polşa), "Sürix" (İsveçrə) və "Ferentsvaroş" (Macarıstan) kimi ölkə çempionlarını mübarizədən kənarlaşdırması təsadüf deyil. "Qarabağ" uzun müddətdir ki, avrokubokların daimi iştirakçısıdır. Ötən il Konfrans Liqasının qrup mərhələsindən çıxdıq. Ümid edirəm ki, bunu Avropa Liqasında da bacaracağıq".
Ozobiç Azərbaycan Premyer Liqasının səviyyəsi barədə də danışıb: "İnsanlar burada olan futbolçular haqqında az məlumatlıdırlar. Yerli oyunçular çoxdur. Həm yerli, həm də əcnəbi futbolçular çox yaxşıdır. Azərbaycandakı çempionat Xorvatiyadakı ilə eyni səviyyədə deyil. Amma "Qarabağ", "Neftçi" və "Sabah" kimi klublar var. Çempionatda həqiqətən bir neçə yaxşı klub çıxış edir".
Təcrübəli oyunçu Azərbaycan millisini seçməsinin səbəbini də izah edib: "Xorvatiya yığmasında oynama şansımın olmadığını gördüm. Bu səbəbdən, Azərbaycan millisində çıxış etməyi qərara aldım. Çünki burada 5 il keçirmişdim. Azərbaycan yığmasında yeganə əcnəbi mən deyiləm. Komandada braziliyalı Riçard Almeyda da var. AFFA yerli klubda 5 ildir çıxış edən hər hansı legionerin milliyə kömək edə biləcəyini düşünürsə, hansısa nəticəyə nail olmaqdan ötrü ona vətəndaşlıq verir. Fikrimcə, Azərbaycan yığmasında oynama qərarıma azarkeşlər də sevinmişdilər".
Ozobiç Azərbaycandakı vəziyyətdən də danışıb: "Buradakı bir çox digər oyunçular kimi, mən də rusca danışıram. Ona görə də ünsiyyət sarıdan problemim yoxdur. Bakıya gəldikdə, həqiqətən də müasir şəhərdir, hər şey yenidən tikilib və yaşamaq çox xoşdur. İmkanı olan hər kəsə Bakıya baş çəkməyi məsləhət görərdim".
Xatırladaq ki, Filip Ozobiç 2016-cı ildən Azərbaycanda çıxış edir. O, "Qarabağ"dan əvvəl "Qəbələ"nin formasını geyinib. Xorvatiya əsilli yarımmüdafiəçi 2021-ci ilin yayında milliləşdirilib.