Culfa rayonundakı hərbi hissədə rayon ümumtəhsil məktəblərinin komandaları arasında “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.

Rekord.az xəbər verir ki, birincilikdə 7 tam orta məktəbdən 98 nəfər yeniyetmə iştirak edib.

İlk öncə Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İmanov və hərbi hissənin zabitləri Anar Nəbiyev və Elvin Şikarov çıxış edərək "şahinlər"ə uğurlar arzulayıblar. Yarış əsasnaməyə uyğun olaraq “Sıra hazırlığı”, “İntellektual müsabiqə”, “Çadırın qurulması”, “Fiziki hazırlıq”, “Maneələrin dəf olunması”, “Mülki müdafiə hazırlığı”, “Avtomatın sökülməsi və yığılması” və “Darağa patron doldurulması və boşaldılması” mərhələləri üzrə keçirilib. Yekun nəticəyə əsasən Bənəniyar kənd tam orta məktəbinin komandası I, Ərəzin kənd tam orta məktəbinin komandası II, Saltaq kənd tam orta məktəbinin komandası III yerə layiq görülüb. Qalib komandalar və müxtəlif növlərdə fərqlənən iştirakçılar kubok, diplom və fəxri fərmanlarla təltif ediliblər.