“Qarabağ”ın direktoru Emrah Çelikel UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyanın “Viktoriya” (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları cavab oyunu barədə fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, bu gün jurnalistlərlə görüşdə bunları söyləyib:

“Çempionlar Liqasının qrup mərhələsinə düşə bilmədiyimiz üçün məyusuq. Hətta Bakıda heç-heçə oynayarkən də eyni hissi keçirirdik. Çexiyaya qələbə üçün getmişdik. Nəticənin olmaması bizi üzdü. Əslində buna üzülmək bir tərəfdən sevindiricidir. Çünki komanda pley-offadək irəliləyib və sonda Avropa Liqasının qrupuna düşüb. Bu da "Qarabağ"ın gəldiyi nöqtədən xəbər verir və hamımızı qürurulandırır.

Futbolçularla fəxr etdiklərini deyən Çelikel Avropa Liqasında bacardıqlarını etməyə çalışacaqlarını söyləyib: "Qarabağ"ın adını Çempionlar Liqasında görmək istəyirdik. Avropa Liqasında əlimizdən gələni edəcəyik. Məqsədimiz qrupdan çıxaraq, növbəti mərhələyə adlamaqdır".

Klub rəsmisi qapıçı Şahruddin Məhəmmədəliyevin buraxdığı kubod səhvlərə də münasibət bildirib: “Məncə, bütün Azərbaycan Şahruddin Məhəmmədəliyevlə fəxr etməlidir. Çünki həm milli komanda, həm də "Qarabağ" formasını belə sevən bir qapıçı var. Zədələrdən sonra necə məşq etməyini görən şəxs kimi deyə bilərəm ki, o, komandaya çox lazımlı, çox əzmkar oyunçudur. Komandanın burayadək gəlməsində çox böyük əməyi var. Şahruddin kimi futbolçunu, insanı tanıdığım üçün fəxr edirəm. Hər insanın çətin zamanı ola bilər. Bu çətin zamanda ona dəstək olmaq lazımdır".

Çelikel yeni transferlərlə bağlı suala isə belə cavab verib: “Transferlərlə bağlı baş məşqçi Qurban Qurbanovun fikri önəmlidir. O, necə deyirsə, elə də olacaq. İndiyədək də belə olub. Bu, məsuliyyətdən qaçmaq yox, baş məşqçimizə olan inamımızı göstərmək üçündür. Klub rəhbərliyi sonunadək onun arxasındadır. Gücümüz birliyimizdədir. 9 il ardıcıl avrokubokların qrupunda yer almaqla Azərbaycanı şərəfli şəkildə təmsil edirik. Bu, bizim birliyə olan inam və etibarın nəticəsidir".

Klub rəsmisi onu da bildirib ki, AFFA-dan "Qarabağ" klubuna Müşahidə Şurası yaratması təklif olunub: “Klubun peşəkarcasına və qarşılıqlı inam, etibar əsasında qurulmuş saf idarəetmə strukturu var. Biz belə strukturdan nəticə aldığımızı görürük və dəyişiklik etmək istəmədiyimizi AFFA-ya bildirmişik”.