
Cənub alovu şimal küləyinə qarşı
- 21:03
- 64
Sabah vacib matçımız var. Dünya çempionatının seçmə mərhələsinə start veririk. Səfərdə, uzaqda.
Tarix bizim tərəfimizdədi
Sıravi futbol azarkeşimiz "İslandiya" sözünü eşidəndə ağlına uzaq, qeyzerlərlə dolu ada və "Hafnarfyordur" matçları gəlir. Uzaq 2005-ci ilin yayında "Neftçi" ÇL-in təsnifatında bu ölkə təmsilçisini Bakıda 2:0 (Aqil Məmmədov və Tomislav Mişura), səfərdə isə 2:1 (Mişura və Nadir Nəbiyev) hesabıyla yenərək mərhələ adlamış, bizi böyük sevincə qərq etmişdi. Bir dəfə də yoldaşlıq görüşü keçirmişdik adalılarla. 2008-ci ildə Berti Foqtsun rəhbərliyi altında elə Reykyavikdə oynamışdıq, qarşılaşma 1:1 hesabıyla bitmişdi. Qolun müəllifi Fabio Luis Ramim olmuşdu.
Hə, bir də DÇ-2018-də Messinin penaltisini dəf etməklə tanınan və elə həmin yay "Qarabağ"a gələn qapıçı Hannes Haldorsson vardı. Pis qapıçı deyildi. Sadəcə həm kluba, həm də ölkəyə uyğunlaşa bilməyib qısa müddət sonra getmişdi.
Birgə futbol tariximiz bu qədərdi. Çox da böyük deyil. Fərqli mentalitetlərə malik, həm həyata, həm də futbola baxış bucaqlarımız fərqli olan ölkələrik. Sabah yenə üz-üzə gələcəyik. Nə klub, nə də milli səviyyədə uduzmamışıq onlara. Yenə uduzmamalıyıq. Sabah kim nə bacarırsa ortaya qoyacaq, prosesi də, nəticəsini də birlikdə izləyəcəyik.
"O uzaq, yaşıl ada..."
İslandiya dünyanın sözün hər iki mənasında o biri başında olan, Qrenlandiyanın qonşusu, Atlantik və Şimal Buzlu Okeanlarının arasında yerləşən, səthi qum və lava meydanları, dağ və buzluqlarla dolu olan, ən sərt şimal küləklərinin əsdiyi, amma çox gözəl təbiətə malik bir ölkədi. Ərazisi Azərbaycandan böyük (103 min km²), əhalisi isə Sumqayıtdan az (390 min nəfər) olan İslandiyanın prezidenti də, baş naziri də, parlamentlərinin sədri də qadındı. Futbol azarkeşlərinin də xüsusilə yaxşı xatırladığı, 2010-cu ildə Avropanın hava nəqliyyatını iflic edən, "Barselona"nı ÇL matçı üçün "Milan"a avtobusla yollanmağa məcbur edərn Eyjafjallajökull vulkanının evi də məhz bu ölkədi. Bir sözlə, həm coğrafi, həm tarixi, həm də çoxsaylı digər özəllikləri olan bu ada dövləti ilə futbol meydanında qarşılaşmaq hər mənada maraqlı və səmərəli bir təcrübə olacaq.
Birdən partlayan vulkan...
İslandiya futbolunun inkişafı barədə çox danışılıb. 2000-ci illərin əvvəllərində ölkədə yaşanan iqtisadi bum və bundan doğru yararlanaraq maliyyənin idmana və xüsusilə futbola yönəldilməsi, yüzlərlə irili-xırdalı, açıq və qapalı futbol meydançalarının tikilməsi, bir sözlə, infrastruktura edilən möcüzəvi toxunuş, onun səviyyə olaraq ən üst mərhələyə çıxarılması öz möhtəşəm effektini vermişdi. Futbolu sevən, onunla məşğul olmağa hazır olan ölkənin bu addımının nəticələri özünü gözlətmədi. AÇ-də 1/4 final, DÇ-2018-də iştirak, əfsanələşmiş Qudyonssen, Byarnason, Qudmundsson, Qunnarsson, Siqurdsson kimi futbolçulardan qurulmuş komanda dünya futboluna səs salmağı bacarmış, böyük rəğbət və sevgi toplamışdı. İslandiyalı azarkeşlər, ölkənin vahid hədəf üçün birləşməsi, milli hisslərin tavana qədər yüksəldiyi, şimallılara xas emosionallıq və xas olmayacaq qədər isti görüntüləri uzun illər yaddaşlarda qalmışdı, hələ uzun illər də qalacaq kimi görünür.
... və səngiyən şimal küləyi
Ancaq yaddaşlarda. Çünki hazırkı İslandiya yığması həmin İslandiya yığmasının kölgəsindədi. Bir neçə illik "partlayış"dan sonra yaranan "bum effekti" səngiyib və izlərini itirib. Bunu ölkə futboluna başçılıq edənlər də bilir, görür, həll yolu tapmağa çalışırlar. Və yeganə yol kimi nəsildəyişməyə getmək, ilk öncə düşüncədə dəyişiklik etmək, daha doğrusu, köklərinə qayıtmağı seçiblər. Mütəxəssislər düşünürlər ki, uğurlu çıxış etmiş komandanın həmin üzvləri yeni meydançalarda yetişməmiş, rəsmən dağda-daşda futbol oynamış, çətinliklərə sinə gərərək xarakter formalaşdırmış, əsl vikinq kimi döyüşərək qalib gəlmişdilər. Yeni nəsil isə daha yaxşı şəraitdə hazırlanıb, daha rahatdı. Ancaq eyni zamanda, qarşılarında qoyulan tələblər də yüksəkdi. Ona qədər əldə edilməyən - AÇ-nin 1/4 finalında və DÇ-nin final mərhələsində iştirak kimi zirvənin ardından yenidən heç bir nailiyyətin qazanılmaması əlavə məsuliyyət gətirir. İslandiya futbolu o nöqtəni görüb deyə həm müəyyən mənada "doyub", həm də ondan aşağı bir nəticə qəbul etmək də istəmir. Ağır bir missiya var ortada. Heyət isə hələ o deyil.
Onlar yox, biz ÇL ölkəsiyik!
Bütün bunlarda yazmaqda məqsədim onu deməkdir ki, İslandiya həmin İslandiya deyil. Bəli, hələ də bizdən güclüdülər, reytinqdə bizdən irəlidədilər. Oyunçuları daha yaxşı komandalarda oynayırlar. Bütün bunların səbəbi təbii ki, bunaqədərki yarıtmaz idarəetməmizdir. Ölkə futbolu elə günə salınıb ki, strukturu elə məhv edilib ki, uğur qazanma ehtimalımız minimuma enib. Ancaq mübarizlik və döyüşkənlik, qələbəni yalnız öndə axtarmaq hesabına nələrəsə nail olmaq olar. Sadəcə, qorxmayaq. Hücum edək, futbol oynayaq. Başqa heç nə lazım deyil.
"Oyunçuları daha yaxşı komandalarda oynayır" yazmışdım. Hə, Avropanın müxtəlif, yaxşı klublarının şərəfini qoruyurlar. İçərisində "Lill", "Fiorentina", "Herta", "Tvente" kimi yaxşıları var. Amma məsələn, heç bir oyunçuları bu il ÇL-də oynamayacaq. Bizdə isə 7 nəfər beləsi var. Aktiv, "Qarabağ"ın əsas heyətinin oyunçularıdılar, qələbə qazanmağa da öyrəşiblər, yollarını da bilirlər. Almaniya "Kayzerslautern"i, Niderland "Volendam"ı, Koreya "Daejon"u, Polşa "Motor"unda, eyni zamanda yaxşı yerli klublarımızda oynayanlarımız da heyətdədi. Potensial olaraq, güc olaraq da rəqiblərindən geri qalmırlar. Müasir futbolda Almaniya, Fransa, İspaniya və bir neçə bu cür nəhəngləri çıxmaq şərtilə hamının gücü yuxarı-aşağı eynidi. Hamı futbol oynayır, hamı xal qazanır, hamı ən kiçik, yarım şansdan belə yararlanmağa çalışırlar. Futbol çoxdan dəyişib. Qələbəni kim daha çox istəyirsə, o da qazanır. Bu, nəzəriyyə deyil, aksiomdur.
Müdafiələri zəifdi, çox top buraxırlar
Meydanda İslandiyanın oyununda bizə qarşı üstünlükləri standart vəziyyətlər və hava toplarıdı. Bu, əsas silahlarıdı, yaxşı da istifadə edə bilirlər. Digər komponentlərdə bizdən çox da fərqlənmirlər. Qol vuran, amma çox da qol buraxan komandadılar. Müdafiədə ciddi boşluqlar verirlər. Pressinq altından çıxmaqda çətinlik çəkirlər, bu zaman topu orta xəttə çatdıra bilmirlər, fərdi səhvlərə yol verirlər. Əvvəlkinə nisbətən daha qorxaq futbol oynayırlar, iki, bəzən isə nəticədən asılı olaraq hətta 3 dayaq yarımmüdafiəçisi ilə oynamağı da seçə bilirlər. Duruma görə hücumameylli, duruma görə arxadan, praqmatik oynamağa çalışırlar. Bir sözlə, zəif və güclü nöqtələri olan, ortabab bir şimal komandasıdılar.
Nə etməli?
Hücum eləmək lazımdı. Mən gəldiyi ilk gündən Fernandu Santuşdan Azərbaycan yığmasına hücum futbolu oynatmağını istəmişəm. İlk sualım da ona elə məhz bu yöndə olub. Portuqaliyalı mütəxəssis bilməlidi: biz müdafiə futbolu oynaya bilmirik! Bacarmırıq da bu işi. Nə vaxt qorxmuşuqsa, arxaya çəkilmişiksə böyük məğlubiyyətlər almış, el-aləmə rüsvay olmuşuq. Qazandığımız nadir qələbələri isə rəqibin üstünə gedib fərqlənəndə aktivimizə yazmışıq. Bu da nəzəriyyə deyil, faktdı. Çətin deyil, arxivi açıb baxa bilərsiz.
Bizim havamız olacaq!
Azərbaycan yığması üçün tarixi bir şans yaranıb. Yəqin ki, əlimizə bir də belə İslandiya düşməyəcək. Keçid dövründə olan, oyun tərzi, strategiyası hələ formalaşmayan, nə istədiyini özünün də tam bilmədiyi bir komanda ilə üz-üzə gələcəyik. Meydança da yaxşıdı, azarkeş basqısı olacaq, amma dəhşətli dərəcədə deyil. Üstəlik, matç Şimal qütbündə keçirilsə də, hava münasibdi, çox soyuq ayda qarşılaşmırıq, mümkün olan ən ideal bir vaxtda oynayacağıq. Onların da ilk matçıdı, meydan sahibidilər, qələbə qazanmağa, irəli gedib risk etməyə məcburdular. Şans düşüb, cənub alovu ilə yandıraq onları. Öz havamızı oynayaq, qələbə qazanaq!
Yazar haqqında
