“Neftçi”nin stajlı azarkeşləri bu komandanın ulduzlarından İsgəndər Cavadovun 1982 mövsümünün keçidində Moskva “Dinamo”suna qəfil keçidindən, hətta orda çıxış edərkən avrokuboklarda qol vuran ilk azərbaycanlı futbolçu kimi tarixə düşməsindən az-çox xəbərdardı. Rusiyanın “Sport-Ekspress” qəzeti ilə əməkdaşlıq edən erməni Aksel Vartanyan illər sonra yenidən bu mövzuya dönüb. Onun yazısında yer alan bəzi maraqlı məqamları zəruri izahlarla təqdim etməyi lazım bildik.

Hələ 1982 mövsümünün ortasında – çempionatda işlər qaydasında getməyəndə “Dinamo” rəhbərliyi heyəti möhkəmləndirməyə çalışırdı. Belə cəhdlərin izinə mən yeni minilliyin əvvəlində Mərkəzi Komitənin arxivlərində “Məxfi” qrifli sənədlər üzərində işləyərkən rast gəldim. İndi nəticə ilə sizi tanış etmək istəyirəm.
“Dinamo”nun Mərkəzi Şurasının rəhbəri Pyotr Boqdanov yardım üçün ən yuxarı – Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) sədri Yuri Andropova müraciət edib. Deməli, həm də baş katib Leonid Brejnevə və DTK rəhbərinin üzvü olduğu Siyasi Büroya:

“Hörmətli Yuri Vladimiroviç! “Dinamo”nun Mərkəzi Şurası SSRİ Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının – yoldaş Cavadov İsgəndər Cavad oğlunun və yoldaş Xapsalis Aleksandr Antonoviçin “Dinamo” futbol komandasının iştirak ərizəsinə salınmasına yardım göstərməyinizi xahiş edir”.

Səbəb kimi isə “Dinamo”nun məsul beynəlxalq turnirdə - UEFA kubokunda iştirakını göstərir (1981 mövsümündə SSRİ çempionatında 4-cü yeri tutan Moskva “Dinamo”su 1982-ci il sentyabrın 15-də UEFA kubokunun 1/32 final oyunu çərçivəsində səfərdə Polşa “Şlyonsk”u ilə qarşılaşmalıydı – “F+”). Məktubda həmin vaxt artıq “Neftçi”nin heyətində 10 oyun keçirən Cavadovun DTK qoşunlarına həqiqi hərbi xidmətə çağırıldığı, Kiyev “Dinamo”sunun oyunçusu Xapsalisin isə artıq daxili qoşunların zabiti olduğu bildirilir. Dövlət əhəmiyyətli işlər, ölkənin təhlükəsizliyinin təminatı ilə məşğul olan DTK şefinin bu işə qarışmağa nə vaxtı, nə də həvəsi var idi. Odu ki, məktuba aşağıdakı dərkənarı qoydu:

“Yoldaş Qramov M.V. Məsələni aydınlaşdırmağı və danışmağı xahiş edirəm. Andropov”.


Marat Qramov həmin vaxt çox vacib cəbhədə - ideoloji iş sahəsində çalışırdı, Təbliğat şöbəsinin müdirinin müavini kimi önəmli vəzifə tuturdu. Marat Vladimiroviç məsələni aydınlaşdırmaq üçün ona tapşırıldığı kimi, bu sahənin adamı – İdman Komitəsinin sədri Sergey Pavloviç Pavlov ilə danışdı. Yuxarıda dayanan adamlar ondan futbolçuları “Dinamo”ya keçirməyi xahiş (yəni əmr) edirdilərsə, dərhal yerinə yetirməliydi. Ancaq İdman Komitəsinin sədri ilə söhbətdə maraqlandı ki, bu mümkündümü? Pavlov izah etdi ki, qanun buna imkan vermir, futbolçunun bir mövsümün gedişində iki komandanın heyətində çıxış etmək hüququ yoxdu. Bir sözlə, məqbul variant deyil. Ancaq məsələ bununla bitmədi. İşə “ağır artilleriya” qoşuldu. Söhbət daxili işlər nazirinin 1-ci müavini Yuri Çurbanovdan gedir. Bu personajın çəkisini artıran məqam həm də o idi ki, Leonid İliç Brejnevlə qohumluq əlaqəsindəydi: baş katibin kürəkəni idi, Qalina ilə ailə qurmuşdu. Bu məqamda Pavlov artıq hansısa qanuna əsaslanmağa cəsarət etmədi, çünki mövsümün əvvəlində başqa üç futbolçunun eyni şəkildə keçidinə icazə verməklə qaydaları pozmuşdu, bu üzdən başını aşağı salıb dedi ki, “deyiniz kimi olacaq”. Nəticədə Xapsalislə Cavadova mövsümün sonuna qədər olan müddətdə “Dinamo”nun əsas heyətində beynəlxalq turnirdə çıxış etmək icazəsi verildi. Çempionatda isə onlar yalnız əvəzedici heyətdə oynaya bilərdilər. Pavlov formal cəhətdən qanunu pozmadı. Sənədlərdə göstərilməmişdi ki, başqa komandaya keçən futbolçunun çempionatda əvəzedici heyətdə və ya beynəlxalq turnirdə əsas heyətdə oynamaq hüququ yoxdu. Nə yasaq deyilsə, deməli, icazə verilir. İdman Komitəsinin sədri bu yolla həm canavarları yemləyə bildi, həm də qoyunları salamat saxladı. Təbii ki, bu tarixçə ictimaiyyətdən gizlədildi. Daha bir maraqlı məqam odu ki, Pavlov futbolçuların “Dinamo”ya keçidi haqda sənədi sentyabrın 9-da imzalasa da, Cavadov artıq avqustun 2-də “Dinamo”nun əvəzedici heyətində oynamış və qol da vurmuşdu. O, əvəzedici heyətdə mövsümün sonuna qədər, ancaq yalnız Moskvada keçirilən oyunlarda göründü. Göstəriciləri də pis olmadı: 8 oyun, 5 qol. Cavadov Bakıya 1983-cü ildə döndü. Əvəzedici heyətdə yalnız üç oyun keçirən Xapsalis isə daha üç il Moskvada qaldı və əsas heyət oyunçusuna çevrildi.
Vartanyanın yazısına onu əlavə edə bilərik ki, Cavadov “Dinamo”nun səfərdən məğlubiyyətsiz dönməsində böyük rol oynadı. Polşalılar 2:0 önə çıxsalar da, həmyerlimiz 50-ci dəqiqədə 5 (!) rəqibi arxada qoymaqla hesabı bərabərləşdirdi. Sentyabrın 29-da Moskvada keçirilən cavab görüşündə isə qonaqlar 1:0 hesabıyla qalib gəldi və bununla da “Dinamo” üçün avrokubok mübarizəsi bitdi. Çurbanov Cavadovu Moskvaya aparmaqla “Neftçi”nin 1982-ci il mövsümünü autsayderlər sırasında – 16-cı pillədə bitirməsinə səbəbkar olsa da, bəlkə də digər tərəfdən bakılıların həmin dövrdəki üç ulduzundan birinin (o birilər İqor Ponomaryovla Maşallah Əhmədov idi) Avropa səhnəsində özünü göstərməsində müəyyən rol oynamaqla savab qazandı... ("Futbol plus")