“Kiminsə əsas heyətdə yeri həmişəlik deyil” - Baxşıyev
- 19:40
- 28
“Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 11-ci turu çərçivəsində "Karvan-Yevlax"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 2:1 hesablı qələbə barədə bunları söyləyib:
“Xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Oyunla bağlı çox danışmaq istəmirəm. Bu gün elə gündür ki, ölkə olaraq qələbə qazanmışıq. Bunun qarşılığında bizim qazandığımız nəticə çox da önəmli deyil. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Matça gəldikdə isə ağır oyun alındı. Komanda olaraq oyuna yaxşı girmədik. Çoxsaylı top itkilərinə yol verirdik. Rəqib bundan istifadə edirdi. Yenə də şükürlər olsun ki, qələbə qazandıq və liderlər qrupundan geri qalmadıq.
Builki heyətimiz genişdir. Bütün oyunçulardan istifadə etmək fikrindəyik. Tərlan Əhmədli bir neçə tur öncə də oynamışdı. Avram isə son dönəmlərdə çox qol buraxdığı üçün özünəinam azalmışdı. Tərlan bəyəndiyim qapıçıdır. Bizdə əsas heyət anlayışı yoxdur. Oyuna bir heyətlə başlasaq da, gedişatda əvəzetmələr olur. Oyunçular bilir ki, kiminsə əsas heyətdə yeri həmişəlik deyil”.