Bolqarıstan millisinin üzvü Azərbaycana gəlir
- 07 Dek 2019 11:00
- 1227
“Hələ yayda Azərbaycan klubuna keçidim baş tuta bilərdi. Ölkənizdən iki klubla danışıq aparırdıq. Amma son anda transfer alınmadı və mən Litvaya yollanmışdım”.
Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az açıqlamasında Bolqarıstan millisinin sabiq üzvü İvan İvanov deyib.
Karyerası ərzində ÇSKA(Sofiya), “Partizan”, “Alaniya”, “Bazel”, “Panatinaikos", “Arsenal”(Tula), “Altay” kimi klublarda oynamış 31 yaşlı stopper yayda keçidinin alınmamasına rəğmən qışda transferin baş tuta biləcəyindən söz açıb. Onun sözlərinə görə, Premyer Liqamızda mübarizə aparan klub hələ də onu heyətində görmək istəyir:
“Yəqin ki, qışdan sonra Azərbaycanda oynamağım reallaşacaq. Hələ də kontaktımız var və qış təlim-məşq toplanışına Azərbaycan klubu ilə getməyim mümkündür. İki komandadan biri ilə müqavilə imzalaya bilərəm. Görək, necə olur. Adını indidən açıqlaya bilmərəm. Çünki transfer alınmasa, düzgün çıxmayacaq”.
Bolqarıstan millisində heyətində 40 oyun keçirmiş təcrübəli müdafiəçi hazırda ölkəsində “Etar” klubunun formasını geyinir.