Xəbər verdiyimiz kimi, "Turan Tovuz"un legionerləri hazırda klubun bazasında, yeni tikilən futbol akademiyasında qalırlar. Lakin onlara rayon mərkəzində ev axtarışları davam edir.

Rekord.az sözügedən məsələnin klubda necə həll olunduğunu dəqiqləşdirmək üçün mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxladı.

Lakin Tağıyev məsələni kommersiya sirri kimi qələmə verib gizli saxlamağa üstünlük verdi: "Bilirsiniz ki, futbol akademiyamız yeni tikilib və əksər komandalar burada qalıblar, həm də razı gediblər. Yəni bazamızda bütün şərait var. Amma buna baxmayaraq, klub olaraq heç bir legionerin qarşısında şərt qoymamışıq ki, mütləq bazada qalmalısan. Kimsə rayonun başqa yerində ev tutub qalmaq istəyirsə, problem yoxdur. Onun ödəniş tərəfinə gəlincə, bütün bu məsələlər də hər futbolçu ilə müqaviləyə bənd kimi salınıb. Ödənişin və digər məsələlərin hansı formada olması haqda isə məlumat vermək istəmirəm, çünki kommersiya sirridir".