Bizim "Sabah" Uelsin dünəni, bu günü və sabaha yeganə ümidinə qarşı
- 11:50
- 44
Çempionlar Liqasının ilk təsnifat mərhələsi matçlarına hələ iki həftə vaxt qalır. Ancaq bu, "Sabah"ın bu yarışdakı rəqibi TNS-i (The New Saints) indidən yaxından analiz etməyə maneə deyil. Bunun üçün bu komandanın ötən mövsüm keçirdiyi BÜTÜN matçlarının icmalını, həmçinin son 6 oyunun tam videoyazısını izlədim. Əlavə olaraq bəzi statistik məqamları, detalları incələdim ki, təsəvvürüm tam olsun. Qeydlər etmişəm, onları sizinlə paylaşacam. Necə deyərlər, Let's go!
Where they play?
İlk öncə "müqəddəslər" ləqəbli rəqibimizin çıxış etdiyi yarışa qısa nəzər yetirək. Cumry Premier adlanan Uels Liqasının səviyyəsi bizim I Liqadan bir qədər yüksəkdir, Premyer Liqamıza isə yaxın da düşə bilməz. Bizim ilk 6-lıqdakı komandaların hər biri bu liqada rahatlıqla çempionluğa oynayar. TNS-i bir kənara qoysaq, qalanı aşağı-yuxarı "Araz Naxçıvan", "Sumqayıt" səviyyəsinə belə çatmırlar, "Şamaxı" belə orda medalçı ola bilər. Yeganə istisna, dediyim kimi TNS-dir, daha yaxşı, daha hazırlıqlı, güclü komandadır. Baxmayaraq ki, liqalarında yer alan 12 komandanın 8-nin ən azı 100 yaşı var (aralarında 1880-ci ildə qurulmiş "Bala Taun"u xüsusi fərqləndirə bilərik). Çempionatdakı klublar arasında nəsə xüsusi derbi, böyük rəqabət, hansısa tarixi qarşılaşma yoxdur. Daha bir diqqətçəkən məqam odur ki, liqadakı meydançaların yarısı süni örtüklüdür. "Sabah"ın qonaq olacağı "Park Hall" da həmçinin. Stadionların heç biri 4 tribunalı deyil, əsasən Zirə, Şamaxı, Tovuzdakı tiplidirlər, maksimum tutumları 3-4 mindir. Liqada son tur matçları aprelin ortasında oynanılıb.
Who are they?
TNS-in tarixi barədə çox şey yazmayacam. Özünüz axtarış verib Vikipediyadan rahat oxuya bilərsiz. Yalnız onu deməliyik ki, bu klub Uelsin ən titullu, ən güclü, ən böyük və ən uğurlu klubudur. Son 25 ildə bir dəfə də olsun ilk 3-lükdən kənarda qalmayıblar, 2024-25 mövsümündə isə Konfrans Liqasının qrupunda oynayaraq tarixi nəticəyə imza atıblar. Bir sözlə, Uelsin ən güclüsüdürlər, orada ciddiyə alınacaq yeganə komandadırlar.
Who is the head coach?
Komandaya Kreyq Harrison rəhbərlik edir. TNS-ə ikinci gəlişidir, ilk dəfə 6 il əvvəl kollektivin başında olub, ayrılıb, 2022-ci ildə isə yenidən geri qayıdıb. İngilis mütəxəssis toplam 10 ildir buradadır, özünü sabit, bacarıqlı biri kimi göstərə bilib. Komandanın da, Uels futbolunun da hörmətli şəxslərindən, simvollarındandır. Üstünlük verdiyi sxem 4-5-1-dir. Məhz bu barədə danışaraq detallı analizə keçə bilərik.
"How they play, if they play?" (c)
TNS-in meydandakı düzülüşü 4-5-1-dir. Kağız üzərində belədir, amma bir çox hallarda bu sxem 4-3-3-ə çevrilir, hücumdakı variativliyi artırır. Bizim "Qarabağ"da olduğu kimi. Rəqibin cərimə meydançasına qədər Ağdam təmsilçisi kimi gəlirlər, top gəzdirməyə çalışırlar. Sonrasında durum bir qədər dəyişə bilir. Uelslilərin mərkəz yarımmüdafiəçiləri irəli çıxaraq cinaha yaxın oynayır və yarımcinaha çevrilirlər. Biz bunun əla nümunəsini həmin "Sabah"ın ifasında Murad Musayevin dövründə görmüşdük. Düzdür, rusiyalı mütəxəssisin komandası bunu daha mükəmməl yerinə yetirirdi. Bu oyunla rəqib müdafiəsindəki boşluqları daha rahat tapmaq, mərkəzə doğru sıxılmalarından istifadə edərək həm cinahda üstünlük, həm də əlavə pas imkanları əldə etmək olur. Bu plan işləməyəndə isə Harrisonun yetirmələri ən sadə yolu seçirlər: ver cinaha, ordan ya yerlə, ya da hava ilə ötürmə versinlər, sonrası da duruma görə. Loru dildə desək, "sən pası at, orda bir şey fikirləşərik". "Məmmədağa futbolu" kimi bir şey. Yəni TNS-in xüsusi taktiki intizamı yoxdur. Düzülüşə, ilkin plana işlər yaxşı getdikcə riayət olunur. Azacıq narahatlıq olan kimi, balans pozulan kimi bunlardan əsər-əlamət qalmır. Əksər matçlarda gördüyüm, hazır "B planı"na - "göndər qabağa, orda həll edərik"ə keçilir. Bu işdə cinahlardan daha çox istifadə edilir, ilk imkandaca top ora ötürülür, oradan isə duruma görə iş görülür.
"Achilles tendon"
Komanda çempionatda çox az (32 matça 25) top buraxsa da (bu statistikanın səbəbkarı TNS-in gücü yox, rəqiblərin gücsüzlüyü ilə əsaslandırsaq, daha doğru olar), ən zəif nöqtələri müdafiənin mərkəzidir. "Axilles dabanları" məhz oradır. Əksər qolları burada yer alan futbolçuların mövqe seçimində yol verdiyi səhvlər, epizodlara sürətli reaksiya verməkdə çətinlik çəkmələri nəticəsində buraxıblar. Sadə dillə desək, aşağı səviyyəli mərkəz müdafiəçiləri var. Universal deyillər, əks-hücumları başlatmırlar, uzun ötürmələri azdır. Sadə, klassik stopperlərdirlər.
Bununla yanaşı, TNS komanda olaraq pressinqə davamlı deyil. Müdafiə ilə dayaq zonaları arasında sıx əlaqə formalaşmayıb. Təzyiq altında olarkən səhvlərə yol verir, pərakəndə oynayaraq topu itirirlər. Yaxşı, keyfiyyətli hücumçuları, ön xətt oyunçuları olan komandadan top buraxmamaqları sadəcə mümkün deyil.
Strong sides
TNS-in silahı isə döyüşkənlikdir. Hesabın necə olmasından asılı olmayaraq təslim olmurlar, hücum dalınca hücum edir, istəklərinə çatmağa çalışırlar. Çox yaxşı komanda ruhuna malikdirlər. Taktiki səhvləri, fərdi bacarıq əksikliklərini mübarizə əzmi, daha böyük çalışqanlıqla sığortalaya bilirlər. Cərimə meydançasına gələn topun yanında birdən-birə bir neçə nəfərlə peyda ola, rəqibi çaş-baş sala bilir, yaratdıqları qarışıqdan məharətlə istifadə edirlər. Bu işdə ən mahirləri isə 34 yaşlı təcrübəli mərkəz hücumçusu Cordan Uilyamsdır. Başla, ayaqla, yaxından, uzaqdan, harda imkan tapdısa ordan şansını yoxlayır və əksər hallarda da uğurlu olur. Son mövsümdə 26 qola imza atıb, formadadır. Kapitan, orta xəttin lideri və komandanın düşünən beyni Brayan Brobbellə yaxşı tandem qura bilirlər, çox effektivdirlər.
Başqa oyunçular haqda danışmaq olar, yenilərini də gətiriblər, amma "dişə vurulası" bir şey deyillər.
Daha bir vacib məqam təcrübədir. TNS-in 79 avrokubok matçı var. Bəli, bunların böyük hissəsində məğlub olublar, nəticələri böyük deyil. Amma bu da bir təcrübədir. Çempionlar Liqasında təcrübə xüsusi əhəmiyyət daşıyır. Uelslilər hər cür məğlubiyyət görüblər deyə onları növbəti potensial uğursuzluqla qorxutmaq mümkün deyil. Nə gücləri, nə bacarıqları varsa, sona qədər ortaya qoyacaqlar.
How to play against?
Təbii ki, keçiləsi, mütləq keçilməli olan rəqibdir. Uels komandasının "Sabah"ın malik olmadığı avrokubok təcrübəsi var, istəklidirlər, müəyyən oyun planları var ki, riayət edəndə təhlükəli olur, nəticə qazanırlar. Hər halda, zəif də olsa bir çempionatın dəfələrlə qalibidirlər, ən yaxşısıdırlar, qalib mentalitetə malikdirlər. Ancaq xüsusi qorxulası, ehtiyat ediləsi, fantastik özəllikləri yoxdur. Taktiki intizamları zəifdir, fərdi ustalıq baxımından fərqləndiriləcək ciddi oyunçulara malik deyillər, təzyiqli, intensiv oyuna davam gətirə bilmirlər. Bizim bitən sezonda gördüyümüz "Sabah" bu rəqibi asanlıqla keçməlidir. Uelsdə mövsüm ərzində "Sabah" - "Qarabağ" səviyyəsində bir matç belə oynanılmır, heç yaxınına da düşə bilməzlər. Valdas Dambrauskasın əlinin altındakı heyəti rəqibdəkindən açıq-aşkar üstündür. Komandanın özəyi qorunub, bunun üçün ciddi maliyyə xərclənib, əlavə də yaxşı, bahalı transferlər edilib. Məşqçinin şikayət edə biləcəyi heç bir məqam saxlanılmayıb. İndi top ondadır. TNS-i keçmək üçün elə həmin "Qarabağ" matçlarındakı cəmi 45 dəqiqəlik temp, sürət və təzyiqi bu qarşılaşmalarda təkrarlamaq yetərli olacaq. Gözləmək, kəşfiyyat aparmaq, nəyə qadir olduqlarını göstərməyə imkan vermək böyük yanlışlıq olar. Hər keçən dəqiqə rəqibin xeyrinə işləyəcək. İlk matçın ilk dəqiqələrindən irəli getmək, "müqəddəslər"i təzyiq altında saxlamaq, hesabda komfort üstünlük əldə edəndən sonra əks-hücumlarda oynamaq olar. Bir daha deyirəm: "Sabah" daha yaxşı komandadır, daha güclüdür, daha səviyyəlidir, daha üstün keyfiyyətləri olan tərəfdir. Və ilk turu da keçməlidir. Keçməyəcəksə, bunun səbəbkarı onlar yox, məhz "Sabah" olacaq.