“Qəbələ” bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında “Sabah”ı qəbul edib.


Rekord.az xəbər verir ki, 90 dəqiqəsi 2:2, əlavə vaxtı da heç-heçə (1:1) bitən və penaltilər seriyasında məğlub (2:4) olan “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadzenin oyundan sonra mətbuat konfransı keçirilib. Gürcüstanlı çalışdırıcı çox maraqlı oyun alındığını bildirib:


“Çox maraqlı oyun alındı. Çoxlu qollar var idi. Futbolçularıma təşəkkür edirəm. Yaxşı xarakter göstərdilər. Təəssüf ki, belə oyundan sonra növbəti mərhələyə keçə bilmədik. “Sabah”ı təbrik edirəm.


Premyer Liqaya qayıdanda da demişdim, çempionatın səviyyəsi yüksəlib. Arzu edirəm ki, bu nəticələr Azərbaycan millisinin də oyunlarına təsir etsin. Belə oyunlar nə qədər çox olarsa, çempionatın xeyrinə olacaq.


Fikirləşirdim ki, penaltilər seriyasında qalib gələn tərəf biz olacağıq. Çünki oyunçularım elə xarakter göstərmişdilər ki, düşünürdüm davamı gələcək. Həm də bəxt amili də var. Ümumiyyətlə, son oyunlarda bəxtimiz gətirmirdi, “Karvan-Yevlax”la matçda da belə oldu. Artıq düşünürdüm ki, bu oyunda bəxt üzümüzə güləcək. Amma eybi yox. 60 dəqiqə azlıqda çıxış etdik, yorğunluq var idi.


Balua bizim üçün çox vacib futbolçudir. Qış hazırlığında bizimlə olmadı. İnanıram ki, formaya düşəcək. Qırmızı vərəqəyə gəlincə, o da istəməzdi belə olsun. Amma mən istərdim ki, ona kimi Akinadeyə edilən qayda pozuntusu da araşdırılsın, məncə, qırmızı vərəqə həmin epizodda da var idi.


Məğlub olmaq olar, amma futbolçularımın bu qədər xarakter göstərməsi fonunda növbəti mərhələyə keçə bilməməyimiz böyük təəssüf hissi doğurur.


Bütün məşqçilər üçün ən vacibi odur ki, geniş heyəti olsun. Fərqi yoxdur, istər yerli olsun, istərsə də əcnəbi. Həmkarımın (“Sabah”ın baş məşqçisi) qərarına qarışa bilmərəm. 10 əcnəbi ilə meydana çıxması onun qərarıdır. “Sabah” çox yaxşı komandadır. Sadəcə, mən bir şeyi demək istəyirəm ki, yerli oyunçular belə oyunlardan sonra ruhlansınlar, görsünlər ki, istənilən rəqiblə mübarizə aparmaq olar, vuruşmaq olar. Yerli oyunçular fikirləşsinlər ki, əcnəbilərlə rəqabət aparmaq olar.


Hakimlərin yanaşması fərqli ola bilər. Mənim subyektiv fikrim odur ki, Akinadeyə qarşı qayda pozuntusunda qırmızı vərəqə var idi”.