Bakıda ilk dəfə olaraq Avropa Gimnastikasının batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib.

Rekord.az xəbər verir ki, Avropa Gimnastikasının təşəbbüsü və Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə baş tutan təlim-məşqə təmsilçilərimizlə yanaşı, İtaliya, Çexiya, Danimarka və İsveçdən olan idmançılar, məşqçilər və beynəlxalq ekspertlər qatılıb.

Milli Gimnastika Arenasında baş tutan hazırlığın əsas məqsədi iştirakçı gimnastların texniki və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də onların beynəlxalq yarışlara hazırlığının gücləndirilməsidir. Toplanışda tamblinq və ikili-mini batut üzrə məşqlər də keçirilib. Toplanışda Avropa Gimnastikasının batut gimnastikası üzrə texniki komitəsinin prezidenti Babetta van Veterinq, vitse-prezidenti Luiş Nunes və digər ölkələrin nümayəndələri Samuel Kastro, Anette Dalsten, Serxio Lukas və Adil Hüseynzadə ekspert qismində çıxış ediblər.

Toplanışda idman yönümlü hissə ilə yanaşı, maraqlı mədəni proqram da təşkil olunub. Qonaqlar Bakının tarixini və müasirliyini əks etdirən görməli yerlərinə ekskursiya ediblər.