SOCAR aprelin 4-dən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) fəaliyyətini planlı təmir işlərinin aparılması məqsədilə dayandırıb.

Rekord.az xəbər verir ki, aprelin 4-dən etibarən BNEZ-dəki qurğularının bir hissəsinin fəaliyyəti planlı profilaktika işlərinin aparılması üçün müvəqqəti dayandırılıb.

Sözügedən işlər yerinə yetirildikdən sonra zavodun modernləşdirilməsi layihəsi çərçivəsində Avro-5 standartı üzrə dizel istehsalına başlamaq üçün lazım olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınması planlaşdırılır. BNEZ-də profilaktika işləri ilə əlaqədar SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin bu zavoddan xammal alan kimya müəssisələrinin fəaliyyəti də profilaktika işlərinin aparılması üçün aprelin 5-dən dayandırılıb. Məhz "Azərikimya"nın əksər müıssisələrinin fəaliyyətini dayanması "Sumqayıt"ın maddi durumuna da birbaşa təsir edib. Çünki klubun əsas sponsoru məhz bu şirkətdir. Düzdür, hələlik futbolçuların maaşlarının ödənişində ciddi problem hiss olunmur. Lakin növbəti aylardan və xüsusilə də yay aylarında bu sıxıntı daha ciddi hiss olunacaq. Klubu və kluba nəzarət edən AFFA-nı da bu məqam narahat edir. Çünki maddi sıxıntı klubun yay hazırlığına və yeni transferlərinə də mane olacaq.